İlk 6 ayda körpəyə su vermək olarmı? Bu, yeni valideynlərin ən çox düşündüyü suallardan biridir. Xüsusilə isti yay günlərində analar narahat olurlar ki, bəlkə körpə susuz qala bilər. Amma mütəxəssislərin rəyi tamamilə fərqlidir.
AzEdu.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və pediatrların əksəriyyətinin tövsiyəsinə görə, həyatın ilk 6 ayında körpələr yalnız ana südü ilə qidalanmalıdır. Ana südünün tərkibinin 90 faizi sudan ibarət olduğundan, bu, körpənin susuz qalmasının qarşısını tam şəkildə alır. Buna görə də ilk 6 ayda əlavə suya ehtiyac yoxdur.
Həkimlər xəbərdarlıq edirlər ki, erkən dövrdə su vermək körpənin sağlamlığı üçün risklidir. Su qarın doydura bilər və körpə ana südünü daha az qəbul edər. Bu isə qidalanma balansını pozur. Digər tərəfdən, böyrəkləri hələ tam inkişaf etməmiş körpələrdə su intoksikasiyası deyilən ciddi vəziyyət yarana bilər. Bundan əlavə, suyun steril olmaması bağırsaq infeksiyalarına da səbəb ola bilər.
Bəzi xüsusi hallarda, məsələn, körpədə ağır ishal və ya susuzlaşdırıcı xəstəliklər müşahidə ediləndə əlavə maye lazım ola bilər. Amma bu, yalnız həkim nəzarəti altında olmalıdır.
Altı aydan sonra isə vəziyyət dəyişir. Bu dövrdə körpənin qidalanmasına əlavə yeməklər daxil edilir və artıq qaynadılıb soyudulmuş su da az miqdarda verilə bilər.
Nəticə olaraq, “ilk 6 ayda körpəyə su içirmək olmaz” ifadəsi tibbi baxımdan doğrudur. Körpənin bütün maye tələbatını ana südü ödəyir. Valideynlər isə əlavə maye vermək barədə düşünəndə mütləq pediatrla məsləhətləşməlidirlər.