Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu il əlilliyi olan 325 gəncə xidmətlər göstərilib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 251 nəfəri peşə, 74 nəfəri isə digər sosial reabilitasiya xidmətləri ilə təmin edilib.
Mərkəzə 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul olunur. Onlar burada müxtəlif peşələr üzrə 3-6 aylıq hazırlıq kurslarında yeni bacarıqlara yiyələnir, həmçinin sosial reabilitasiya xidmətlərindən faydalanırlar.
Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və onların əmək bazarına çıxışı üçün dəstək göstərilir.
Hazırda Mərkəzdə 130-dan çox gəncin peşə və sosial reabilitasiya kursları davam edir. Müəssisəyə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, reabilitasiya xidmətləri ilə də təmin olunurlar.












