EN

Səhiyyə Nazirliyi: “Uşağın və böyüyün uğurunun açarı – adaptasiya prosesinə verilən zamandır”

“Yeni işə uyğunlaşmaq üçün ilk növbədə zamana ehtiyac olduğunu qəbul etmək vacibdir. İnsan tələsmədən həm iş mühitinə, həm də öz müsbət keyfiyyətlərinə uyğun bir körpü qurmalıdır”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayım zamanı qurumun 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevti Rövşən Nəcəfov səsləndirib.
 
 
Onun sözlərinə görə, bu prosesdə əsas məqam bacarıq və bilikləri ifadə etmək üçün doğru anı gözləməkdir:
 
“İş həyatında məqsəd hər şeyi mükəmməl etmək deyil, davamlı öyrənmək və inkişaf etmək olmalıdır. Ən çox rast gəlinən çətinliklərdən biri səhvləri fəlakət kimi qiymətləndirməkdir. Halbuki səhvlər öyrənmə prosesinin ayrılmaz hissəsidir – onları düzgün təhlil etməklə insan öz güclü və zəif tərəflərini daha yaxşı tanıyır və gələcəkdə uğurlu addımlar ata bilir. Bütün bilikləri dərhal əldə etmək mümkün deyil və buna çalışmaq insanı stresə sala bilər. Daha sağlam yanaşma ondadır ki, öyrənmək və bilik toplamaq iş həyatında heç vaxt bitməyən, davamlı prosesdir. Hər gün kiçik addımlar atmaq və özünə real hədəflər qoymaq adaptasiyanı asanlaşdırır və insanı psixoloji baxımdan daha dayanıqlı edir”.
 
Psixoterapevt bildirib ki, məktəbə başlayan uşaqlar üçün də ən vacib məsələ onlara zaman verməkdir:
 
“Uşaq yeni mühitə dərhal uyğunlaşmaya bilər və bu, tamamilə təbiidir. İlk günlərdə valideyn dəstəyi, müəllimlərlə mehriban münasibət və emosional bağlılıq prosesə müsbət təsir göstərir. Uşağın məktəbi təhlükəsiz və qəbul edən bir yer kimi görməsi üçün müəllim, valideyn və uşaq arasında sıx əməkdaşlıq qurulmalıdır. Məktəb uşağın komfort zonasını pozaraq onu yeni qaydalar, dostlar və tələblərlə qarşılaşdırır. Bu dəyişikliklər bəzən çətin ola bilər. Buna görə də valideynlər övladlarını tənqid etmək əvəzinə dəstəkləməli, dinləməli və hisslərini ifadə etmələrinə şərait yaratmalıdırlar”.
 
R.Nəcəfov qeyd edib ki, əgər uzunmüddətli adaptasiya çətinliyi müşahidə olunarsa, ilk növbədə məktəb psixoloqu ilə görüşmək, ehtiyac olduqda isə fərdi psixoloji konsultasiyaya müraciət etmək faydalıdır:
 
“Valideynlər unutmamalıdır ki, məktəb uşağın həyatında yalnız bilik məkanı deyil – həm də gələcəyin təməlidir. Sağlamlıq və təhsil birlikdə insanı gələcəyə aparır. Buna görə də övladlarının psixoloji rahatlığına və məktəbə uyğunlaşmasına yönəlmiş hər bir enerji onların gələcəyinə edilən ən güclü sərmayədir”.
Chosen
49
1
moderator.az

2Sources