EN

Ali təhsilin gələcəyi elmi dərəcələrə söykənməlidir

"Bəzi özəl universitetlər ali təhsil institutlarının vəzifə statuslarını təyin edərkən akademik ənənələri və nüfuzu qorumaq baxımından daha diqqətli olmalıdırlar".

Bu fikri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professor qeyd edib ki, rektor və prorektor vəzifələrinə elmi dərəcəsi və adı olmayan şəxslərin təyin olunması ali təhsil müəssisəsinin akademik prinsiplərinə uyğun gəlmir:

"Ali təhsil müəssisəsi zavod və ya fabrik deyil ki, istədiyiniz şəxsi istədiyiniz vəzifəyə təyin edəsiniz – burada elmi və akademik məsuliyyət əsas götürülməlidir. Bu sistem elmi dərəcə və akademik nüfuzu ön planda saxlayır, çünki yalnız professor statusu olan şəxslər namizəd ola bilər. Prorektorlar rektor tərəfindən seçilir və adətən müxtəlif sahələrdə akademik işlər, elmi tədqiqat, tələbə məsələləri və s. təcrübəsi olan professorlar arasından olur. Bu təyinatlar da elmi status və təcrübəyə əsaslanır, şəxsi əlaqələrdən çox akademik kriteriyalar önəmlidir. Amma ümumilikdə rektor/prorektor vəzifələrinə elmi dərəcəsi olmayan şəxslərin təyinatı rəsmi olaraq mümkün deyil.

Bu vəzifələrə təyin olunan şəxslər öncə elmi dərəcə və adı qazanmalı, ciddi elmi tədqiqat işləri aparmalı və akademik ictimaiyyət tərəfindən tanınmalıdır. Təəssüf ki, bəzi hallarda bu prinsiplər gözardı olunur, vəzifə təyinatları şəxsi əlaqələr və ya kommersiya maraqları əsasında həyata keçirilir. Belə halların qarşısının alınması ali təhsilin keyfiyyətinin, universitetin nüfuzunun və tələbələr ilə müəllim heyətinin motivasiyasının qorunması baxımından önəmlidir".

Chosen
11
1
azedu.az

2Sources