Kremlin ümidi ya cəbhədə dönüş yaratmaq, ya da “Trampla razılaşma”yadır...
16 avqustda, Prezident Donald Trampla keçirilən sammitdən bir gün sonra, Vladimir Putin Kremlinin Yekaterina zalında yüksək vəzifəli məmurları toplayaraq Alyaskaya səfərinin nəticələrini müzakirə etdi. Zamanında imperiya dəbdəbəsini nümayiş etdirmək üçün tikilən zalda o, ABŞ prezidentinin “səmimiyyətini” və müharibəni dayandırmaq səylərini tərifləyərək “bu, bizi vacib qərarların qəbuluna yaxınlaşdırır” dedi.
Poliqon xəbər verir ki, bu barədə The Economist nəşrinin geniş analitik məqaləsində bildirilir. Nəşr yazır ki, Putinin çıxışının tonu barışıq mesajı kimi görünsə də, bunun arxasında Moskvanın müharibəni öz şərtləri ilə bitirmək niyyəti dayanır.
Üç il yarım əvvəl eyni zalda tam fərqli səhnə yaşanmışdı: Putin öz nazirlərini kameralar qarşısında separatçı bölgələri tanımağa məcbur edirdi – bu isə Ukraynaya hücumun başlanğıcı idi. İndi keçirilən toplantı isə müharibənin sonuna işarə kimi təqdim olunur, amma yalnız Kremlin şərtləri ilə. Mesaj ikili xarakter daşıyır: həm uzanan döyüşlərdən yorğunluq, həm də inam ki, Moskva qalibiyyəti ya döyüş meydanında, ya da danışıqlar masasında əldə edə bilər.
ABŞ-dan siqnallar və “razılaşma” ümidləri
The Economist qeyd edir ki, Putinin sözlərini ən ciddi qəbul edən şəxs sanki Donald Tramdır. O, Kreml rəhbərinə qarşı demək olar ki, şəxsi asılılıq nümayiş etdirir və Kiyev ya da Avropalı müttəfiqlərin təzyiq çağırışlarına əsəbi reaksiya verir. Vaşinqtonda Zelenski və yeddi Avropa lideri ilə görüş zamanı isə açıq mikrofon Tramplın Makrona pıçıldamasını qeydə alıb: “Məncə, o [Putin] məhz mənimlə razılaşmaq istəyir, başa düşürsünüz?”
Yeni sanksiyalar elan edilmədi, atəşkəsin ön şərt kimi irəli sürülməsi də gündəmdən çıxdı. Trampın Putinlə telefon danışığını Avropa liderləri ilə görüşün ortasında reallaşdırması “Ukrayna barədə Moskva ilə məsləhətləşməsiz heç nə olmayacaq” mesajı kimi qəbul olundu.
Kreml üçün isə Trampla şəxsi sammit böyük diplomatik qələbə idi. Qərbin bir neçə il əvvəl “qatil” və “cinayətkar” adlandırdığı Putin bu dəfə qırmızı xalı və alqışlarla qarşılandı, izolyasiya sındı. Ultraimperialist ideoloq Aleksandr Duqin isə bunu “mükəmməl sammit” adlandıraraq “hamını udmaq, heç nə itirməmək yalnız Aleksandr III-ə xas idi” dedi.
Cəmiyyətin və elitanın əhvalı
The Economistin təqdim etdiyi sorğular göstərir ki, rusiyalıların təxminən 70%-i ordunun cəbhədə uğurlu olduğunu düşünür, eyni zamanda 60%-i artıq sülh danışıqlarını dəstəkləyir. Yəni məğlubiyyət qorxusu azalsa da, müharibənin davamına istək də zəifdir. Bir iş adamı bu əhvalı belə ifadə edib: “İnsanlara fərq etməz, necə bitəcək, əsas odur bitsin.”
Kreml üçün minimum “paket” şərtlərə Krım və ona “quru dəhliz”in ABŞ tərəfindən tanınması, Ukraynanın NATO-ya qəbulunun daimi istisnası və Kiyevdə prezident seçkilərinin keçirilməsi daxildir. Bir mənbənin sözlərinə görə, “Zelenski hakimiyyətdə olduğu müddətcə heç bir razılaşma olmayacaq”.
İqtisadi və hərbi məhdudiyyətlər
Putinin diplomatiyaya meyil etməsinin əsas səbəblərindən biri də iqtisadi çətinliklərdir. Büdcə kəsiri 2025-ci ilin yeddi ayında hədəflənən illik göstəricini aşıb. Dövlət xərcləri 20% artıb, bunun azı 5%-i müqaviləli ordunun saxlanmasına gedir. İşçi qüvvəsinin çatışmazlığı mülki sektoru sıxışdırır.
Bununla yanaşı, Rusiya ordusu artıq üçüncü yay mövsümüdür ki, Ukrayna müdafiə xəttini yarmaqda çətinlik çəkir. Son aylarda irəliləyiş olsa da, 2023-cü ilin əvvəlindən bəri yalnız “bir faiz bəndi” qədər ərazi əlavə olunub. Putinin ümumi mobilizasiyadan qaçması da bu uğursuzluqla bağlıdır – əlavə itkilər müharibənin mənasızlığını daha da aydın göstərəcək.
Müharibənin davamı üçün danışıqlar...
Ekspertlərin fikrincə, Kreml üçün danışıqlar müharibənin başqa üsulla davamıdır. Bu, həm Trampla siyasi bağları gücləndirir, həm də Qərb və Ukrayna daxilində parçalanmanı artırır. Rusiya tərəfinin tələbi Donbasın qərb bölgələrini güzəştə almaqdır – bu, Kiyevdə daxili böhran yaratmaq məqsədi güdür.
The Economist vurğulayır ki, Kremlin əsas strateji məqsədi dəyişməyib: soyuq müharibədən sonrakı təhlükəsizlik nizamını dağıtmaq, Ukraynanı siyasi cəhətdən zəiflətmək, ABŞ-ı Avropadan sıxışdırmaq və Avropanın Kiyevə dəstəyini zəiflətmək. Bunların heç biri tam əldə olunmasa da, Qərbin birliyini sındırmaq planı gündəmdən düşməyəcək – sadəcə vasitələr və ritorika dəyişəcək.
Mənbə: The Economist
Poliqon.info