Yay təlim-məşq toplanışı dönəmində "Şamaxı"nın Qəbələdə baş tutan son yoxlama görüşünü izləmək imkanım olmuşdu.
Söhbət "Sumqayıt"ı 1:0 məğlub etdikləri matçdan gedir.
Hələ onda ətrafımdakı dostlara demişdim ki, bu komanda yenilənməsinə rəğmən bu mövsümdə çoxuna baş ağrı olacaq.
Ötən mövsümün gedişində və sonunda "şirlər" Brahim Kanate, Leroy Mikels, Cəlal Hüseynov, Rauf Rüstəmli, Belajdi Pusi kimi əsas heyət üzvlərini müxtəlif səbəblərdən itirmişdi.
Bir sınaq matçı belə yetərli olmuşdu ki, gedənlərin yerinin dolduğunu görəsən.
Hə, qarşılaşmanın final fitindən sonra baş məşqçi Ayxan Abbasovla ayaqüstü söhbətimdə bir oyunçunu - Kərim Rossini xüsusi qeyd etmişdim.
31 yaşlı forvard matçdakı yeganə qolu vurmuşdu. Bir dəfə isə əla zərbəsi tirdən qayıtmışdı.
Meydandakı davranışları bunun təsadüf yox, səviyyəsinin göstəricisi olduğunu göstərirdi.
Qəbələdə tirə dəyən zərbəsi "Neftçi" ilə matçda tora sancıldı.
Sadəcə həmin görüşdə oyun epziodundan topa əla toxunmuşdusa, "ağ qaralar"la görüşdə cərimə zərbəsindən usta toxunuşu etdi.
"Görəsən, çempionata necə adaptasiya olar" sualı narahatlıq yaradırdı.
İlk tur göstərdi ki, isveçrəli üçün bu da problem deyil.
Qalır zədədən qaçması.
Yazın bir kənara, sağlam Rossi hələ çoxuna problem yaradacaq.
Hə, bu arada gətirəndə də ölkəyə belə əcnəbi gətirəsən.
"Neftçi"yə vurduğu qola baxanda, maaşının ən azı 20 min dollar olmasını düşünmək olar.
O isə heç bu məbləğin 1/3-ni belə almır.
XANOĞLAN / SPORTİNFO.AZ