Məlum olduğu kimi, bir müddət əvvəl magistraturanın boş qalan yerlərinə qəbulun nəticələri açıqlanıb. 2025-ci il magistraturaya qəbul imtahanlarında hər iki yerləşdirmənin nəticəsində yekun olaraq 3700-dən bir qədər çox boş yer qalıb. Onlardan 1100-ə yaxını Dövlət sifarişlidir. Boş qalan 4300 yer (1200 yer Dövlət sifarişi) üçün 1408 nəfər seçim edib. Onlardan 617 nəfər (96 nəfər Dövlət sifarişinə) qəbul olunub.
Mütəxəssilərin fikrincə, magistratura pilləsində boş qalan yerlərin əsas səbəbi düzgün aparılmayan və statistik reallıqlardan uzaq təhsil planlamasıdır. Təhsil sahəsində planlaşdırma sadəcə rəqəmlərlə deyil, analitik təhlillərlə, iş bazarı ehtiyacları və tələbə davranışları ilə sinxronlaşdırılmalıdır. Əks halda, boş yerlərin artması, resursların israfı və təhsilin effektivliyinin azalması davam edəcək. Bu boşluqlar bəzən tələbə marağının az olması ilə də izah edilir. Ancaq problemin dərinliyinə baxdıqda, əsas səbəbin düzgün aparılmayan təhsil planlaması və real statistikalara əsaslanmayan yer bölgüsü olduğu ortaya çıxır. Burada diqqət çəkən məqam bakalavriat pilləsində məzun olanların sayı ilə magistraturada açılan plan yerlərinin sayının uyğunluq təşkil etməməsidir. Magistratura üçün plan yerinin müəyyən olunması zamanı bir neçə vacib faktor nəzərə alınmalıdır. Hər il bakalavriatı bitirən tələbələrin sayı, onlardan magistraturaya hazırlaşanların faizi, xaricdə təhsil almağa gedən tələbələr, magistr diplomuna real tələbat olan ixtisaslar, iş bazarının magistr təhsilli kadrlara olan ehtiyacı. Lakin bu amillərin çoxu planlama prosesində ya nəzərə alınmır, ya da qeyri-dəqiq hesablamalarla əvəz olunur. Nəticədə isə real tələbatdan artıq plan yerləri təklif olunur və onların yüzlərlə, hətta minlərlə boş qalması qaçılmaz olur.
Populyar olmayan ixtisaslara həddindən artıq yer ayrılması, bəzi ixtisaslarda tələbə marağı çox aşağı olmasına baxmayaraq onlara kifayət qədər yer ayrılması da boşluğun artmasına səbəb olur. Eyni zamanda regional təhsil müəssisələrinə süni plan yeri yüklənməsi, bəzi bölgələrdə real tələbə potensialı olmadığı halda, magistr proqramlarına süni plan yeri verilir. Plan yeri sayını artırmaqla, iş tapma imkanı olmayan sahələrdə kadr bolluğu yaranır.
Təhsil eksperti Kamran Əsədov deyir ki, magistratura pilləsinə ixtisas seçimi edən 15 min 555 nəfərdən 13 min 446 nəfəri qəbul olunub. Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16 min 794 plan yeri ayrılıb, lakin 3 min 300-dən çox plan yeri boş qalıb: “Bu nə deməkdir? Deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər. Bu yerlər üçün nə tələbə var, nə də maraq. Nəticədə həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir. Bu, həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir.
Ekspertin sözlərinə görə, qəbul olunanların böyük hissəsi təhsili ödənişli əsaslarla davam etdirəcək: “Qəbul olunanlardan 5 min 798 nəfər dövlət sifarişi ilə, amma 7 min 648 nəfər ödənişli əsaslarla oxuyacaq. Ödənişli təhsilin bu qədər yüksək olması həm sosial bərabərliyi pozur, həm də keyfiyyətsiz və kommersiya maraqlı bir sistemin davam etdiyini göstərir”.
Kamran Əsədov onu da qeyd edib ki, magistratura pilləsi məqsəddən uzaqlaşıb və formal bir mərhələyə çevrilib. Onun fikrincə, bu vəziyyətə Elm və Təhsil Nazirliyi nəzarət etməlidir.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, tələbə marağının az olması səbəbindən boş yerlərin qaldığı bildirili. Ancaq problemin dərinliyinə baxdıqda, əsas səbəbin düzgün aparılmayan təhsil planlaması və real statistikalara əsaslanmayan yer bölgüsü olduğu ortaya çıxır.: “Burada başlıca səbəb bakalavriat pilləsində məzun olanların sayı ilə magistraturada açılan plan yerlərinin sayının uyğunluq təşkil etməməsidir. Reallıqla uyğunlaşmayan plan yeri sayı magistratura üçün plan yerinin müəyyən olunması zamanı bir neçə vacib faktor nəzərə alınmalıdır. Hər il bakalavriatı bitirən tələbələrin sayı, onlardan magistraturaya hazırlaşanların faizi, xaricdə təhsil almağa gedən tələbələr, magistr diplomuna real tələbat olan ixtisaslar, iş bazarının magistr təhsilli kadrlara olan ehtiyacı. Lakin bu amillərin çoxu planlama prosesində ya nəzərə alınmır, ya da qeyri-dəqiq hesablamalarla əvəz olunur. Nəticədə isə real tələbatdan artıq plan yerləri təklif olunur və onların yüzlərlə, hətta minlərlə boş qalması qaçılmaz olur. Plan yerləri bəzən formal meyarlarla – universitetlərin statusu və ya illik artım prinsipi ilə müəyyən olunur. Halbuki bu yerlər iş bazarının və tələbə davranışlarının təhlili əsasında planlaşdırılmalıdır”.
Professor hesab edir ki, hər il bakalavr məzunlarının sayı və magistraturaya müraciət faizi təhlil olunmalı, buna uyğun plan yeri verilməlidir. Marağı və tələbi az olan ixtisaslara plan yeri azaldılmalı, tələbat çox olan sahələrə üstünlük verilməlidir. Aztəminatlı gənclər üçün magistratura təhsili əlçatan edilməlidir. Təqaüdlər, təhsil kreditləri və dövlət sifarişli yerlər artırılmalıdır. Tədris proqramları müasir tələblərə uyğun qurulmalı, praktiki bacarıqları artıran modullar daxil edilməlidir.Elmi fəaliyyətə marağı olan tələbələr üçün imkanlar genişləndirilməli, elmi rəhbərlik və araşdırma fondları gücləndirilməlidir. Gənclərə magistratura təhsilinin üstünlükləri, potensial karyera faydaları barədə düzgün məlumat verilməli, peşəkar yönləndirmə aparılmalıdır. Magistraturada boş yerlərin qarşısını almaq üçün sadəcə plan yerini artırmaq və ya reklam etmək kifayət deyil. Təhsildə planlaşdırma elm və analitik yanaşma tələb edir. Əgər bu mərhələdə sistemli dəyişikliklər edilməzsə, hər il təkrar olunan boşluqlar həm təhsilin keyfiyyətinə, həm də dövlət resurslarının səmərəliliyinə mənfi təsir göstərəcək.
Nərmin Qarazadə