EN

Göygöl bazaltı dünya bazarına çıxacaq Gəncədə yeni sənaye kompleksi

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gəncə, 21 avqust, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycanın qeyri-neft sənayesinin inkişafı istiqamətində daha bir mühüm addım atılıb. Gəncə şəhərində “Azerbazalt” MMC tərəfindən bazalt məhsullarının istehsalı müəssisəsinin inşasına başlanılıb. Müəssisədə ilkin mərhələdə bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir.

Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrə istehsalı planlaşdırılır. Bu mərhələdə 200 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisənin əsas xammalı Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazalt olacaq.

Layihənin ikinci mərhələsində bazalt əsasında yüksək texnoloji məhsullar – bazalt lifi, filamen (3D printer üçün xammal) və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu mərhələ 300 nəfərə əlavə məşğulluq imkanı yaradacaq. Məhsullar həm ölkə daxilində, həm də xarici bazarlarda satışa çıxarılacaq.

Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye üçün ekoloji cəhətdən təmiz, davamlı və çoxfunksiyalı material hesab olunur. Vulkanik mənşəli bazalt tozu torpağın qida balansını bərpa edir, məhsuldarlığı artırır, eyni zamanda, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt lifləri isə istilik və korroziyaya davamlılığı, ekoloji təmizliyi ilə seçilərək müdafiə sənayesi, aviasiya, avtomobil və tikinti sahələrində geniş tətbiq olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri qeyri-neft sənayesinin inkişafıdır. Mövcud təbii resursların səmərəli istifadəsi, yeni sənaye sahələrinin qurulması və innovativ texnologiyaların tətbiqi bu istiqamətdə mühüm rol oynayır.

Gəncə şəhərində bazalt məhsullarının istehsalı zavodunun inşası regionun sosial-iqtisadi inkişafına töhfə verəcək, yeni iş yerləri yaradacaq və ölkənin sənaye potensialının artırılmasına xidmət edəcək. Zavodun fəaliyyətə başlaması yerli resursların əlavə dəyərə çevrilməsi və ixracyönümlü istehsalın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Xatırladaq ki, avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
2
azertag.az

3Sources