MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.
Valideynlər 21 avqust 2025-ci il saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyatdan keçə bilərlər.
Qeyd edək ki, MİDA Yasamal Yaşayış Kompleksində 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir.