EN

2026-cı il üzrə qrant müsabiqələri bu günlərdə elan olunacaq

“Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrini elan edəcək”. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib. Ü.Qarayeva deyib ki, QHT-lərin layihə təkliflərini hazırlamaq üçün 2 ay vaxtı olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır: “7 əsas mövzu istiqaməti veriləcək. Onlardan 3 mövzu istiqaməti üzrə layihələr yalnız QHT koalisiyası adından qəbul olunacaq. Koalisiya minimum “1 yerli QHT+1 xarici QHT” formatındadır, əsas icraçı yalnız yerli QHT ola bilər”. Agentlik təmsilçisi onu da xatırladıb ki, 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib. İlk dəfə Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma qurub: “Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirməkdədir. Çox şadıq ki, Azərbaycan QHT-ləri artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də 2026-cı il üzrə qrant müsabiqələri elanında beynəlxalq əməkdaşlıq üçün stimullaşdırıcı addımlar atıb”. Ülviyyə Qarayeva onu da qeyd edib ki, bu dəfə də QHT-lər əsas mövzulardan kənar – aktual hesab etdikləri milli, ictimai və beynəlxalq əhəmiyyətli istənilən mövzuda da layihə təklifi ilə çıxış etməkdə sərbəst olacaq.

Chosen
35
16
veteninfo.az

10Sources