İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 256 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7 786 kirayə müqaviləsi bağlanıb. Qeyd qeyd edək ki, son vaxtlar paytaxt ərazilərində mənzil qiymətləri gündən-günə artdığı üçün insanlar çıxış yolu kimi ya ipoteka, ya da kirayə seçimlərinə üz tuturlar. Bəs bu iki yol arasında hansı daha sərfəlidir və risklər nə qədərdir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, ipoteka və satmaq öhdəliyi ilə verilən kirayə mənzillər sosial layihədir və dövlət vətəndaşların mənzillə təmin olunması üçün bu iki layihəyə ilin müxtəlif dövrlərində start verir:
“Hər iki seçim məqsədəuyğundur. Bunun səbəbi isə ödənişlərin müəyyən dövrü mərhələlərlə həyata keçirilməsidir. Məsələn, ödəniş müəyyən hissələrə bölünür, faizlərlə vətəndaş tərəfindən ödənilir. Bu, göstərir ki, hər il manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər – inflyasiya və milli valyutanın dəyər itkisi – vətəndaş üçün ödənişlərin əlverişli olmasına təsir edir. Başqa sözlə, vətəndaş 2025-ci ildə aldığı ipoteka krediti və ya kirayə mənzilin ödənişini 2035-ci ildə tamamlayanda, rəqəm olaraq ödəniş stabil görünəcək. Lakin həmin məbləğin real dəyəri zamanla azalacaq. Bu da onu göstərir ki, hər iki variant uzunmüddətli perspektivdə vətəndaş üçün sərfəlidir.
Amma inflyasiya və digər makroiqtisadi dəyişikliklər vətəndaşa imkan verir ki, ödənişləri daha asan şəkildə həyata keçirsin. Hansının daha məqsədəuyğun olduğunu soruşsanız, bu, vətəndaşın ipoteka və ya kirayə seçimi üçün hüquqi və iqtisadi şərtlərinin mövcudluğu ilə bağlıdır. Məlumdur ki, İpoteka və Kredit Zəmanəti fondunun ipoteka kreditlərinin ayrılması ilə bağlı müəyyən tələbləri var. Eyni zamanda, kirayə mənzil layihəsi üçün də öz tələbləri mövcuddur. Yəni vətəndaşın əmək haqqı, ailə vəziyyəti və sosial statusu hansı tələblərə uyğundursa, o, həmin seçimi etməlidir”.
İqtisadçı onu da vurğulayıb ki, ipoteka kreditində əlavə üstünlük ondan ibarətdir ki, vətəndaş istədiyi ərazidən, istədiyi qiymətə və formada mənzil əldə edə bilər:
“Kirayə mənzillərdə isə seçim konkret binalar və ərazilərlə məhdudlaşır. Bu baxımdan ipoteka vətəndaşa daha geniş imkanlar təqdim edir. Ümumilikdə, hər iki layihə uğurludur. Zaman keçdikcə layihələrin təkmilləşdirilməsi və vətəndaşların ehtiyacları nəzərə alınmaqla, bu layihələr ölkə vətəndaşları üçün daha əlçatan olacaq. Hazırda güzəştli ipoteka kreditlərinin məbləği təxminən 100 min, digər kreditlərin isə 150 min manat civarındadır. Hazırkı mənzil qiymətləri ilə, təbii ki, vətəndaşların mənzil əldə etməsi əsasən məhdud ərazilərdə mümkün olur. İpoteka kreditlərinin məbləğinin artırılması və həcminin genişləndirilməsi isə daha çox vətəndaşın mənzil sahibi olmasına şərait yarada bilər.
Gələcəkdə həm ipoteka, həm də kirayə mənzil layihələrində müəyyən addımlar atıla bilər. Tikinti sektorunda sahibkarların təşəbbüsləri və yeni layihələrin icrası, tikinti həcminin artırılması daha çox vətəndaşın kirayə mənzil əldə etməsinə imkan yaradacaq. Həmçinin binaların müxtəlif ərazilərdə yerləşməsi, mövcud məhdudiyyətlərin aradan qaldırılması layihəni daha cəlbedici edə bilər”.
Vüqar Oruc qiymət artımı tendensiyasının davamlı olmasına diqqət çəkib:
“Bu da təbii olaraq mənzillərin qiymətinin yüksəlməsinə səbəb olur. Bu isə vətəndaşların kirayə mənzil layihələrinə daha çox üz tutmasına gətirib çıxara bilər. İpoteka kreditlərinin məbləğinin dəyişməməsi bu istiqamətdə müraciətləri müəyyən qədər məhdudlaşdıra bilər, lakin kirayə bazarında daha çox müraciətlərin yaranması gözləniləndir”.
Mehin Mehmanqızı