Bu il bütün ixtisas qrupları üzrə ixtisas seçimi avqustun 11-dən 19-u saat 23:59-dək aparılıb.
Hazırda abituriyentləri ən çox maraqlandıran məsələ isə cavabların nə zaman elan olunacağıdır.
Modern.az xəbər verir ki, əvvəlki illərdə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan müsabiqənin nəticələri seçim bitdikdən 3 iş günü müddətinə elan olunur. Bu da o deməkdir ki, cavablar bu həftə ərzində elan oluna bilər.
Qeyd edək ki, I qrup üzrə boş yerlərin sayı 20 385, ərizəsi təsdiq olunan abituriyentlərin sayı isə 23 919 nəfərdir. II qrup üzrə bu göstəricilər müvafiq olaraq 14 935 və 19 041-dir.
Hər il ciddi rəqabətin olduğu III qrupda isə 15 583 yer uğrunda 24 414 nəfər mübarizə aparacaq. IV qrupda boş yerlərin sayı 4 min 732, ərizəsi təsdiq olunanların sayı isə 6 966 nəfərdir. V qrup üzrə 4 704 yer üzrə 16 min 517 ərizə təsdiq olunub ki, bu da ən çox rəqabətin V qrup üzrə aparılacağını göstərir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 11 illik bazada kolleclərə ixtisas seçimi ali məktəblərə qəbulun nəticələri elan olunduqdan sonra başlayacaq.
Milli.Az