Çində virtual süni intellekt ötürücülərinin meydana çıxması artıq ənənəvi bloqerləri və kontent istehsalçılarını bazardan sıxışdırmağa başlayıb. Bənzər tendensiya Azərbaycanda da müşahidə olunur: xəbər aparıcılarından tutmuş reklam çəkilişlərinə qədər bəzi sahələrdə süni intellekt artıq insanı əvəzləməyə başlayır.
Maraqlıdır, blogerlərin sonu yaxınlaşır?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Paralel.az -a açıqlamasında bildirib ki, süni intellekt əsasında yaradılan virtual aparıcılar və reklam simaları artıq Azərbaycanda da istifadə olunmağa başlayır.
Onun sözlərinə görə, bu, müəyyən mənada blogerlərin reklam bazarına təsir göstərsə də, onların tamamilə əvəz olunacağı real görünmür:
"Çünki blogerlərin əsas üstünlüyü insan faktorudur – səmimiyyət, şəxsi təcrübə və auditoriya ilə qurulan emosional bağ süni intellektlə əvəzlənə bilmir.
Digər tərəfdən, şirkətlər AI personajlardan daha ucuz, sürətli və çoxdilli reklam imkanları əldə edirlər. Bu, bahalı və standart reklam seqmentində süni intellektin üstünlük qazanmasına səbəb olacaq. Lakin auditoriya etibarına əsaslanan, fərdi təsir gücü olan kampaniyalarda insan blogerlərin rolu qalacaq. Nəticə etibarilə, bazarda seleksiya prosesi gedəcək – sıradan və süni görünən blogerlər kənarda qalacaq, fərqlilik və etibar qatanlar isə mövqelərini qoruyacaqlar".
Həmidə İbrahimova