EN

Şəkər xəstəliyinə faydası varmış, zərərli kimi bilinirdi

Yeni bir araşdırma, manqonun 2-ci tip diabetli insanlar üçün əvvəllər düşünüldüyü qədər zərərli olmadığını, əksinə ölçülü istehlak edildikdə faydalı ola biləcəyini göstərdi. Elm adamları isə porsiya nəzarətinin həlledici olduğunu vurğulayırlar.

E-saglam.az xəbər verir ki, Hindistanda aparılan iki klinik sınaq göstərib ki, çörək kimi karbohidratlar əvəzinə manqo yemək 2-ci tip diabetli şəxslərdə qan şəkərinin dalğalanmasını azaldır və metabolik sağlamlığı yaxşılaşdırır. Üç gün davam edən qlükoza ölçmələri də təsdiqləyib ki, manqo yeyən diabetli şəxslərdə yeməkdən sonrakı şəkər səviyyəsi çörək yeyənlərlə müqayisədə daha sabit qalır.

Nəticələr nəyi göstərir?

European Journal of Clinical Nutrition-da dərc olunacaq tədqiqatda, məşhur hind manqo sortlarının ağ çörəyə nisbətən daha aşağı glisemik reaksiya verdiyi müəyyən olunub. Bu, karbohidratların qana daha yavaş keçməsi deməkdir.

Digər səkkiz həftəlik araşdırmada isə səhər yeməyində çörəyi 250 qram manqo ilə əvəz edən 35 tip 2 diabet xəstəsində qan şəkəri, insulin müqaviməti, çəki, bel ətrafı və xolesterin göstəricilərində yaxşılaşma müşahidə olunub.

Professor Anoop Misra bildirib: “Biz ilk dəfə göstərdik ki, səhər çörəyi əvəzinə az miqdarda manqo yemək faydalıdır. Amma bu, məhdudiyyətsiz manqo yemək demək deyil.”

Necə istehlak edilməlidir?

Mütəxəssislər manqonun əlavə qida kimi deyil, karbohidrat əvəzedicisi kimi yeyilməsini tövsiyə edirlər. Təxminən 250 qram manqo 180 kalori təşkil edir, ona görə də porsiya nəzarəti vacibdir.

Mumbaylı diabetoloq Dr. Rahul Baxi, qan şəkəri yaxşı idarə olunan xəstələrin gündə yarım porsiya manqo yeyə biləcəyini, meyvəni zülal və liflə birlikdə qəbul etməyin daha faydalı olduğunu söyləyib. O, manqonu desert kimi deyil, yemək aralarında qatıq, kəsmik, qoz-fındıq və toxumlarla birlikdə yeməyi məsləhət görür.

Araşdırmalara 1-ci tip diabetli xəstələr daxil edilməyib. Həkimlər xəbərdarlıq edirlər ki, bu xəstələrdə karbohidrat hesablaması və insulin dozası fərdi olaraq tənzimlənməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
18
e-saglam.az

1Sources