EN

Kəlbəcərdə “yaşıl enerji”nin yeni üfüqləri: üç kiçik su elektrik stansiyası istifadəyə verilib  

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər. Tədbirdə dövlət başçısına stansiyaların texniki göstəriciləri barədə məlumat verilib.

Azəreneji Yaşıl Enerji MMC-nin baş mühəndisi Razim Qasımov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Kəlbəcərdə 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” stansiyaları tikilib. Bu stansiyaların su təminatı üçün Lev və Tutqu çaylarının Tərtər çayına qovuşduğu ərazilərdə suqəbuledicilər yaradılıb, ümumilikdə 9,3 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Hər iki stansiyada çay balıqlarının ekosistemdə qorunması üçün müasir hidrotexniki qurğular quraşdırılıb.

Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar SCADA sisteminə inteqrasiya olunub və təxminən 25 min nəfərə ekoloji təmiz enerji təmin edəcək. “Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq, 12,5 milyon kubmetr təbii qaz qənaət ediləcək və 23 min ton karbon qazının atmosferə atılması qarşısı alınacaq. Hər iki stansiyada 8 Kəlbəcər sakini işlə təmin olunub.

“Çaykənd” Kiçik Su Elektrik Stansiyası 5 MVt gücündədir və təxminən 7 min nəfəri ekoloji təmiz enerji ilə təmin edəcək. Burada rəqəmsal idarəetmə, intellektual monitorinq və Bakıdan uzaqdan nəzarət sistemi tətbiq edilib. İl ərzində stansiyada 15 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq, 3,2 milyon kubmetr təbii qaz qənaət ediləcək və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. 4 Kəlbəcər sakini bu stansiyada işlə təmin olunub.

Dövlətimizin başçısının göstərişi ilə Qarabağ və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası istifadəyə verilib, ümumi gücü 307 MVt-a çatdırılıb. Bu stansiyalar 1,5 milyard kVts yaşıl enerji istehsal edib, 335 milyon kubmetr qaz qənaəti və 620 min ton karbon qazının atmosferə atılmasının qarşısını alıb. Azsulu dövrdə 80 MVt, bolsulu dövrdə isə 200 MVt-dan artıq güc ilə 24 saat fasiləsiz enerji istehsalı təmin edilir.

Yeni stansiyaların istifadəyə verilməsi bölgənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, “yaşıl enerji”nin genişlənməsinə və ətraf mühitin qorunmasına mühüm töhfə verir.

Chosen
32
1
azerbaijan-news.az

10Sources