Rayonun ərazisindəki su-elektrik
stansiyalarının sırasına daha üçü əlavə olundu
Kəlbəcərdə istifadəyə verilən üç yeni kiçik
su-elektrik stansiyasının (KSES) açılışı ilə Qarabağ və Şərqi Zəngəzurda bu cür
enerji obyektlərinin sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatdı. Həmin
stansiyaların əksəriyyətinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi
onların önəminə bir daha diqqət çəkir.
Dövlətimizin başçısı bu günlərdə Kəlbəcər
rayonunun Vəng kəndində "AzərEnerji" ASC-nin "Aşağı Vəng",
"Nadirxanlı" və "Çaykənd" kiçik su-elektrik stansiyalarının
da açılışını etdi. Bir gündə bu üç stansiyanın istifadəyə verilməsi bir daha
göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl
enerji" zonasına çevrilməsi hədəfinə doğru inamlı addımlar atılır.
Kəlbəcərdə tikilən 8,6 meqavatlıq "Aşağı
Vəng" və 8,8 meqavatlıq "Nadirxanlı" stansiyalarında il ərzində
48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur.
Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş
SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal olunan ekoloji təmiz
"yaşıl enerji" ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin
ediləcək.
Stansiyaları su ilə təmin etmək üçün isə Lev
çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda Tutqu
çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb. Kaskad
su-elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin
relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Çay
balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların
çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularla təchiz
olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Hər iki
stansiyada quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının
qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik
etmədən suyu aşağı axarda yenidən çaya qaytarır.
"Aşağı Vəng" və
"Nadirxanlı" stansiyalarında qənaət edilən təbii qazın həcmi 12,5
milyon kubmetr təşkil edəcək. Bununla da il ərzində 23 min ton karbon qazının
atmosferə atılmasının qarşısı alınacaq.
"Çaykənd" kiçik su-elektrik
stansiyasının gücü isə 5 MVt-dır. Bu, "AzərEnerji" tərəfindən Kəlbəcərdə
istismara verilən sayca on birinci "yaşıl enerji" obyektidir.
"Hər
bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu
olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya
qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf
yoxdur". 2020-ci il iyunun 25-də Mingəçevir şəhərində yenidən qurulmuş
"Azərbaycan" İES-in açılış mərasimində Prezident İlham Əliyevin
dediyi bu sözlər Qarabağda və Şərqi Zəngəzurda həmin istiqamətdə gedən işləri də
xarakterizə edir. Burada istifadəyə verilən müasir elektrik stansiya və
yarımstansiyalar bir çox digər sahələrin inkişafını təmin edir, nəticə etibarilə
insanların doğma yurd-yuvalarına qayıtmasını tezləşdirir.
Budur, Kəlbəcərdə
istifadəyə verilən "yaşıl enerji" obyektlərinin sayı 11-ə çatdı.
İşğaldan azad edilmiş bütün ərazilər kimi, əsrarəngiz təbiəti ilə zəngin olan Kəlbəcər
rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri davam edir. Artıq bu
dağlar, meşələr yurdu uzun illərin ayrılığından sonra doğma övladlarını yenidən
qoynuna alır. İndiyədək rayonun enerji təminatı sahəsində də xeyli iş görülüb.
"Soyuqbulaq", "Çıraq-1", "Çıraq-2", "Kəlbəcər-1",
"Qamışlı", "Meydan" və digər stansiyalar istifadəyə
verilib. Bu da bir daha onu göstərir ki, Kəlbəcərin zəngin enerji ehtiyatları
var.
Rayonun
yeni KSES-i olan "Çaykənd" də bunu təsdiqləyir. Stansiya ölkənin ən
böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş
suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz
edilir . Təxminən 7 min nəfəri ekoloji təmiz "yaşıl enerji" ilə təmin
edəcək stansiyada "ətraf mühitə dost texnologiyalar" tətbiq olunur. Rəqəmsal
qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil
aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkündür.
"Çaykənd"in
enerjisistemə inteqrasiyası üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti
çəkilib. Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə
inteqrasiya edilib. Burada il ərzində 15 milyon kilovat-saat elektrik
enerjisinin istehsalı, bununla da 3,2 milyon kubmetr təbii qaza qənaət edilməsi
və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə
tutulur.
Bir sözlə,
Kəlbəcərdə sistemli şəkildə tikilib istismar olunan stansiyalar artıq
iqtisadiyyata, "yaşıl enerji"nin genişlənməsinə, ətraf mühitin
qorunmasına öz töhfəsini verir. İndiyədək rayonun KSES-lərində 1,5 milyard kVts
"yaşıl enerji" istehsal olunub, 335 milyon kubmetr qaza qənaət
edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Su-elektrik stansiyaları azsulu dövrdə
80 MVt,
bolsulu dövrdə isə 200 MVt-dan artıq gücdə gecəli-gündüzlü fasiləsiz olaraq
"yaşıl enerji" istehsal edir.
Daha bir önəmli
fakt odur ki, yeni stansiyalarda bir qrup Kəlbəcər sakini işlə təmin olunub.
Flora
SADIQLI,
"Azərbaycan"