EN

Azərbaycanlılar arasında "gizli xəstəlik" aşkarlandı - Əlamətləri açıqlandı

Statistikaya görə, Azərbaycanda sosial mediada 300–400 min insana çatan paylaşımları cəmi 2–5 min nəfər bəyənir. Yəni yüz minlərlə baxış, amma minlərlə "like".

Bəs niyə sosial media istifadəçiləri gördüyünü bəyənməkdən çəkinir?

Psixoloq Aydan Məmmədova Paralel.az -a açıqlamasında bildirib ki, sosial şəbəkədə maraqlı bir hal var, insanlar baxır, amma çox vaxt bəyənmir və paylaşmır:

"Halbuki içində gülür, təsirlənir, hətta çox bəyənir, amma reaksiyasını göstərmir. Bunun psixoloji tərəfləri var. Məsələn, paxıllıq və rəqabət hissi. İnsan düşünür ki, əgər mən bunu bəyənsəm, qarşı tərəf daha çox diqqət qazanacaq. Ona görə də geri çəkilir. Hətta dostunun yazısını oxuyur, amma “onsuz da kifayət qədər diqqət alır, mən də bəyənməsəm, bir şey olmaz” deyə keçir gedir.

Bir də eqo məsələsi var. Bəzən bəyənmək insana elə gəlir ki, qarşı tərəfi özündən üstün göstərir. Düşünür ki, “mən də eyni şeyi yaza bilərdim, niyə onu böyüdüm ki?” Ona görə də bəyənməkdən qaçır.

Başqa bir hal isə özünü önə çıxarma ehtiyacıdır. İnsan başqasının paylaşımını sadəcə paylaşmaq yerinə onu öz səhifəsinə yükləyir. Çünki diqqətin özündə qalmasını istəyir. Məsələn, bir video xoşuna gəlir, paylaşmaq yerinə, endirib öz səhifəndə paylaşırsan ki, sanki “mən də maraqlıyam” mesajı versin.

Çox adam da sadəcə passiv izləyicidir. Baxır, gülür, təsirlənir, amma heç bir reaksiya göstərmir. Beynində sanki belə bir fikir var: “like" etsəm, artıq öhdəlik götürmüş oluram.” Halbuki bu, sadəcə bir klikdir".

Psixoloq qeyd edib ki, bundan əlavə sosial müqayisə məsələsi var:

"İnsan başqasının uğurlu və maraqlı paylaşımını dəstəkləyəndə özünü ikinci planda görə bilər. Düşünür ki, “mən bəyənərəm, o daha bilikli görünər, mən isə kölgədə qalaram.” Bir də sosial təsdiq qorxusu var. Yəni insanlar düşünür ki, "birdən çox bəyənmiş kimi görünərəm", ya da başqaları deyər ki, “bu adam çox reklam edir.” Məsələn, dostunun iş elanını görür, xoşuna gəlir, amma bəyənmədən keçir gedir.

Ən maraqlısı isə yaxınlıq paradoksudur. Yəni insan ən çox tanıdığı adama daha az dəstək verir. Çünki beynində belə bir fikir yaranır: “Onsuz da məni tanıyır, niyə sosial mediada da dəstək verim ki?” Beləliklə, uzaq bir tanışın paylaşımını bəyənə bilər, amma ən yaxın dostunun paylaşımlarına fikir verməz.

Nəticədə belə bir mənzərə yaranır: baxırıq, amma bəyənmirik; bəyənirik, amma paylaşmırıq; sevirik, amma göstərmirik. Bunun arxasında paxıllıq, eqo, özünü önə çıxarma istəyi, passiv izləyicilik, sosial müqayisə, təsdiq qorxusu və yaxınlıq paradoksu dayanır".

Həmidə İbrahimova

Chosen
6
4
paralel.az

5Sources