EN

“Rusiya təsirini saxlamaq üçün Bakı–İrəvan razılaşmasına qarşıdır” -Tural İsmayılov

“Putin–Zelenski görüşü ətrafında dolaşan gözləntilər əslində sadəcə Rusiya–Ukrayna müharibəsinin taleyi ilə bağlı deyil, bütövlükdə Avrasiyanın gələcək geosiyasi xəritəsi ilə bağlıdır. İlk sual: Rusiyanın üstünlük əldə etməsi nə qədər realdır Baxaq, Ukrayna müharibəsinin gedişində Rusiya bəzi sahələrdə irəliləyib, ancaq Qərbin hərbi-siyasi dəstəyi hələ də Kiyevi ayaqda saxlayır. Qərb də başa düşür ki, Ukraynanın tam çökməsi faktiki olaraq Rusiyanın əl-qolunun açılması deməkdir. Ona görə də ABŞ və Avropa ölkələri Ukraynanı tam qələbə üçün deyil, sadəcə məğlub olmaması üçün maliyyələşdirirlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq məqsədilə keçirilməsi ehtimal olunan Putin-Zelenski görüşü yalnız Avropaya deyil, Cənubi Qafqaza da ciddi təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, əgər Ukrayna müharibəsi Rusiyanın üstünlüyü ilə nəticələnərsə, Moskva diqqətini Cənubi Qafqaza yönəldəcək. Bu isə regionda sülh prosesinə mane ola biləcək ssenarilərdən biri kimi qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, “Rusiya müharibədə tam üstünlük qazanacaq” ssenarisi reallığa çox uyğun deyil, çünki bu, Qərbin öz geosiyasi mövqelərini itirməsi demək olardı.

“Amma fərz edək ki, Rusiya müəyyən üstün mövqeyə çıxdı – bu, Cənubi Qafqaza necə təsir edəcək? Moskvanın Ukrayna ilə bağlı yükü azaldıqca, Kremlin diqqəti yenidən “yumşaq qarın” adlandırdığı Qafqaza yönələcək. Rusiya bu regionu özünün geosiyasi arxa həyəti hesab edir. Bu zaman Azərbaycan–Ermənistan sülh prosesinə, Zəngəzur dəhlizinə, hətta Türkiyənin bölgədəki roluna qarşı daha sərt mövqelər müşahidə oluna bilər. Yəni Rusiyanın üstünlüyü sülh prosesinə mane ola biləcək faktordur, çünki Moskva istəmir ki, Qərb vasitəçiliyi ilə Bakı–İrəvan arasında razılaşma baş tutsun – bu, Rusiyanın təsirini sıfırlayar. Avropa və Qərbin bu görüşdən gözlədikləri nədir? Onlar minimum halda atəşkəs və gərginliyin dondurulmasını istəyirlər. Çünki Avropa üçün əsas məsələ özünün təhlükəsizlik arxitekturasını qorumaqdır. Əgər Moskva–Kiyev danışıqları müharibənin miqyasını azaldarsa, Avropa nəfəs alacaq. Bu isə dolayı yolla Cənubi Qafqazda da balansı dəyişə bilər: Avropa daha çox diqqətini Azərbaycana, enerji layihələrinə və regiondakı sabitliyə yönəldə bilər. Rusiyanın tam qələbəsi indiki reallıqda çətin görünür, amma Moskva müəyyən üstünlük əldə etsə, bu, Cənubi Qafqazda sülhü çətinləşdirə bilər. Qərbin bu görüşdən əsas gözləntisi müharibənin miqyasını məhdudlaşdırmaq və status-kvonu qorumaqdır; ən həssas məqam isə Ermənistanın yenidən Rusiyanın təsir orbitinə sürüklənmə ehtimalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
5
aznews.az

1Sources