EN

Övladı tələbə adını qazanan deputatdan AÇIQLAMA

Ötən gün Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Universitetə daxil olan yüzlərlə tələbələr arasında deputatların da övladları var. Onlardan biri də Milli Məclisin deputatı Rövşən Muradovun qızı İradə Muradovadır. O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olub.

Modern.az-a danışan Rövşən Muradov bildirib ki, qızı Azərbaycan Tibb Universitetini istəsə də, buna balı çatmayıb:

“Mənim qızım 546,2 bal toplamışdı. Arzusu Tibb Universitetinə daxil olmaq idi. Bu il Tibb Universitetinə 605 balla ancaq əczaçılığa girirlər. Naxçıvan və Qarabağ Universitetlərində də ballar yuxarıdır.  Mənim qızım da tiblə bərabər digər ixtisasları da yazdı. Nəticədə ödənişsiz əsaslarla psixologiyaya düşdü. Bu illər universitetə daxil olmaq çox çətindir. Yenə də şükür Allaha uşaq kənarda qalmadı. Qızıma izah etdim ki, oxusun, oxuya-oxuya yenə də hazırlaşsın. Dedim, bəlkə də, oxuyacaqsan heç tibbi istəməyəcəksən, psixologiyanı sevəcəksən. Əlbəttə, mən də qızıma reallığa baxıb dedim ki, kənarda qalmaq olmaz. Ödənişli və ödənişsiz ixtisasları yazdıq. Tibbin hər ixtisasını ödənişli yazmışdım, amma ballar yuxarı olduğu üçün ora düşmədi. Allah bütün övladlara xeyir versin. Yenə zəhməti hədər getməyib, Bakı Dövlət Universitetinin Psixologiya ixtisasına Azərbaycan dili bölməsinə düşüb. İngilis dili üzrə də yazmışdıq. Yenə də Allaha çox şükür qəbul olub”. 

R.Muradov qızına düzgün istiqamət verdiyini vurğulayıb:

“Mən təhsil sistemində də varam. Elmlər doktoru, İqtisad Universitetinin professoruyam və mən də öz növbəmdə uşağıma düzgün istiqamət verməyə çalışıram. Bu gün əldə etdiyi balla kodlaşdırmanı elə seçdik ki, harasa düşə bilək. O da mənim sözümə qulaq asdı. İndi də deyir ki, gedəcəm, oxuyacam, əgər xoşuma gələcəksə, davam edəcəm. Xoşum gəlməsə belə, universiteti buraxmayacam, oxuya-oxuya yenidən Tibb Universitetinə hazırlaşacam. Bəlkə, gələcəkdə yaxşı oxuyub, hazırlaşıb qəbul olsam, onda buradan çıxıb Tibb Universitetində oxuyacam. Yenə də, alınmasa, təhsilimi burada davam etdirəcəyəm. Mən də deyirəm, arzusu hara, mənzili ora”.

Chosen
44
1
modern.az

2Sources