EN

Sülh müqaviləsinin müəllifi bizik...

İlham Əliyev: Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq

1990-cı illərin əvvəlindən, SSRİ-nin dağılması ilə müşayət olunan tarixi hadisə ilə paralel başlanan Ermənistan-Azərbaycan münaqişəsi artıq 5 ildir ki, sona çatıb. Ölkəmizin qətiyyəti, müharibədə qazanılan zəfər, antiterror tədbilərində əldə olunan uğur Azərbaycanın Cənubi Qafqazda bütün münasibətlər sistemini yenidən qurduğuna işarədir. Belə ki:

- Sülh sazişinin paraflanması;

- Sabitliyin əldə olunması;

- Kommunikasiya sistemlərinin açılması;

- Nəhayət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses onu göstərir ki, Azərbaycanın səyləri öz bəhrəsini verdi. Hətta münaqişənin davam etdiyi dövrlərdə belə Azərbaycan Ermənistanı sülhə səsləyir, beynəlxalq aləmi bu məsələyə diqqət yetirməyə çağırırdı - biz, hər zaman əməkdaşlıq və sabitlik kimi amilləri prioritet seçdiyimizi önə çəkirdik. Elan etdiyimiz prioritetlər isə bütövlükdə regional inkişafı yeni mərhələyə qaldırırdı. Məhz Ermənistanın işğalçı siyasəti davam, bəzi dövlətlərin isə imperialist maraqlardan çıxış etməsi, münaqişənin bitməsi uğrunda deyil, onun dondurulması uğrunda səy göstərməsi yerləşdiyimiz bölgənin inkişafına müəyyən mənada mənfi təsir göstərdi. Sevindirici haldır ki, artıq bu kimi maneələr aradan qaldırılıb - özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar formalaşdırır.

Mənfur Minsk qrupu artıq son günlərini yaşayır...

Vurğulandığı kimi, 30 ildən artıq davam etmiş bu münaqişənin vaxtında qarşısının alınması üçün beynəlxalq mexanizmlər işə salınmayıb - məsələnin həllində vasitəçilik missiyasını üzərinə götürən dövlətlər və təşkilatlar isə prosesə qeyri-adekvat yanaşma sərgiləyiblər. Məsələn, konkret olaraq Ermənistan ilə Azərbaycan arasında problemin həllində vasitəçilik missiyasının yerinə yetirlməsi üçün yaradılmış ATƏT-in Minsk qrupu nəinki öz işinin öhdəsindən gəlmədi, əksinə, hətta müəyyən dövrlərdə həll prosesinə əngəl, status-kvonun davam etməsinə şərait yaratdı. Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan Minsk rupu 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı təsis edilib. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən münaqişənin sonuna qədər ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.  Ötən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə yüzlərlə, bəlkə də minlərlə səfərləri gözdən pərdə asmağa xidmət etdi, problemin həllində iştirak isə ümumiyyətlə nəzərə çarpmadı. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupunun fəaliyyətsizliyi isə həm də beynəlxalq hüquqa qarşı qurumun hörmətsizliyi idi. Avqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı: “Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı”.

44 günlük müharibə ilə başa çatan münaqişə həm də ATƏT-in Minsk qrupunun ləğvini aktuallaşdırdı. Artıq tərəflər vasitəçiz bir ortamda razılaşma əldə etdilər - son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu. Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoydu. Belə bir halda, yəni, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığı halda bu “tənzimləyici mexanizmə” də ehtiyac duyulmadı. Azərbaycan tərəfi bu məsələni qaldırdı, Ermənistan isə buna razılıq verdi. Nəticədə, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə birgə müraciəti imzalandı. Kəlbəcərdəki çıxışında Prezident İlham Əliyev bildirib ki,  Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Biri silah, biri siyasi dəstək, biri isə digər imtiyazlar verirdi...

Bəli, ötən 30 il ərzində nəinki işğalçı ölkə qınanmadı, hanısa beynəlxalq təzyiqə məruz qalmadı və ya İrəvanın beynəlxalq konvensiyalara əməl etməsi ilə bağlı tələb səsləndirilmədi, əksinə, təcavüzkarın yüksək səviyyədə silahlandırılması prosesi aparıldı. Nəzərə alsaq ki, ötən 30 ildə Ermənistan iqtisadiyyatı asılı, xarici ianələrə bağlı iqtisadiyyat olub, bu dövlətin həmin silahları necə əldə etməsi də böyük suallar doğururdu. “Təhlükəsizliyin təminatı” adı altında on illər boyu İrəvanı silahlandıraraq Cənubi Qafqazda təhdid olmasının təmin edilməsi bəzi dövlətlərin işinə yarayırdı - onlar bu yolla bu bölgədə təsir mexanizmi formalaşdırmağa çalışırdı. 2020-ci il Vətən müharibəsi zamanı bu fakt növbəti dəfə bariz şəkildə ortya çıxdı - Azərbaycan Ordusunun əldə etdiyi hərbi qənimətlərə nəzər saldıqda, bu silahların Ermənistan kimi bir dövlət tərəfindən alınmasının qeyri-mümkünlüyü bariz şəkildə əyan olur. Çünki burada söhbət Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə artıq vəsaitdən gedirdi. Demək ki, bu silahlar Ermənistana əvəzsiz formada bağışlanırdı - bunun qarşılığında isə Ermənistan Cənubi Qafqazın sabitliyinə xələl gətirməli, separatizm yaymalı, işğal faktının ömrünü uzatmalı idi. Prezident İlham Əliyev çıxışında bildirib ki, bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir: “Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın. Mən bunu dəfələrlə demişəm və bu, tam həqiqətdir. Mən 2003-cü ildən 2020-ci ilə qədər bu danışıqlarda iştirak etməyə məcbur idim. Demişdim ki, bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirlər. Biri silahlar, biri siyasi dəstək, biri isə digər imtiyazlar verirdi”.

“Kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq”...

Qlobal siyasi-hərbi proseslər ordunun daimi inkişafını zəruri edir - beləliklə, qalib Azərbaycan Ordusunun müharibədən sonra yeni inkişaf mərhələsinə qədəm qoyması da mütləq şərtə çevrilir. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız yeni silahların alınmasına, islahatların davamlılığına zəmin formalaşdırıb. Xüsusi diqqət yetiriləsi məqam ondan ibarətdir ki, ölkəmiz ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib ki, reytinqlərdə önə çıxmanın ən mühüm səbəblərindən biri və bəlkə də birincisi məhz bu amildir. Ordumuzun gücləndirilməsi prosesi çoxşaxəli şəkildə aparılır. Silah-sursat, texnika, hərbi aviasiya parkının yenilənməsi ilə paralel olaraq şəxsi heyətin peşəkarlığının artırılması, fərqli coğrafi və iqlim şəraitlərində döyüş qabiliyyətinin gücləndirilməsi, yeni hərbi biliklərə yiyələnmiş kadr potensialının inkişaf etdirilməsi qarşıya qoyulan və qısa zamanda reallaşdırılan hədəflərdəndir.  Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir: “Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib”.

Sirr deyil ki, post-müharibə dövründə də Ermənistan bəzi dövlətlər, xüsusilə Fransa və Hindistan tərəfindən aktiv şəkildə silahlandırılırdı. Bu proses 2024-cü ildə daha aktiv şəkildə aparılmışdı. 2024-cü il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalandı. Ən son modifikasiyada alınacaq bu artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərində qiymətləndirilirdi. Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana satdığı və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara “Bastion” zirehli transportyorlarını əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləmək olar. Fransa paralel olaraq Ermənistanla “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalamışdı. Eyni zamanda, Hindistanın IADN agentliyi 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan aldığı silahların həcminin 600 milyon dollara çatdığını açıqlamışdı. Hindistan 2024-c ildə Ermənistan aviasiyasının balansındakı Su-30SM təyyarələrini modernləşdirmək və təyyarələri öz istehsalı olan Astra BVRM və Smart Anti-Airfield Weapon (SAAW) kimi müasir raketlərlə təchiz etməyin müzakirəsini belə aparmışdı. Bu kimi addımlar revanşizmin dəstəklənməsi, sülhə mane olunması üçün atılan addımlar idi. Amma reallıq birdir -Azərbaycana qarşı hər hansı təhlükə yaratmaq fikrinə düşən dövlətin cavabı yerində, qətiyyətli şəkildə veriləcək. Prezident İlham Əliyev Kəlbəcərdə sakinlər qarısında çıxışında bildirib ki, biz hər an müharibəyə hazır olmalıyıq: “Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Naxçıvanla quru bağlantısı təmin edilir...

Azərbaycanın səyi ilə ortaya çıxan sülh prosesi 3 ildən sonra öz bəhrəsini verməkdədir - 2022-ci ildən start götürən proses bu ilin avqustunda Vaşinqtonda ilkin məntiqi nəticəsinə yetişib. Avqustun 8-də ABŞ-ın paytaxtında iki dövlət sülh sazişi layihəsini paraflamaqla bölgədə yeni situasiyanı təsdiqləyiblər. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur.

Paralel olaraq kommunikasiyalarnın açılması da reallaşma mərhələsinə qədəm qoyur. Bunun nəticəsndə 30 ildən sonra Naxçıvanla quru bağlantısı yaradılacaq. Bu bağlantı, bu yol, bu dəhliz bölgənin həm də yeni iqtisadi inkişaf amili kimi önə çıxacaq. Dövlət başçısı bildirib ki, tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq: “Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.

Ləyaqətli və güclü Azərbaycan!

Bəli, Azərbaycan bu gün qlobal münasibətlər sistemində Cənubi Qafqazın lideri kimi qəbul edilir. Bizim yalnız bir hədəfimiz var - əməkdaşlıq, sülh və sabitlik. İstər qonşu dövlətlərlə, istər qeyri-region ölkələri ilə, istər beynəlxalq təşkilatlarla əlaqələrimiz bərabərhüquqlu, beynəlxalq hüquq çərçivəsində, ədalət müstəvisində qurulur. Azərbaycan bütün davranışlarında ədalətə və beynəlxalq hüquqa əsaslanır - biz bu həqiqəti hər zaman sübut etmişik. Hələ 14 il öncə BMT TŞ-nın qeyri-daimi üzvü seçildiyimiz zaman, yaxın keçmişdə ard-arda Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə, kolonializmə qarşı mübarizədə ön sıralarda təmsilçiliyimizdə, qlobal pandemiyanın fəsadlarının aradan qaldırılması işində, bir sözlə, hər zaman öz nüfuzumuzu, ədalətimizi ortaya qoymuşuq. Biz həm döyüş meydanında qalib olmuşuq, həm də hüquq müstəvisində hər zaman haqlı olmuşuq. Diqqət yetirsək, dünyada baş alıb gedən kataklizlərin fonunda Azərbaycanın son 5 ildə qazandığı uğurlar ölçüyəgəlməzdir - biz, ədalətin qələbəsi kimi bir presedent formalaşdırmışıq. Prezident İlham Əlyev çıxışında bildirib ki, Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır: “Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır”.

Pərviz SADAYOĞLU

1Sources