EN

Karl Heyn “Arsenal”ı “Verder”ə dəyişdi

Futbol üzrə Estoniya millisinin və İngiltərənin “Arsenal” klubunun qapıçısı Karl Heyn bundan sonra “Verder”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa təmsilçisi 23 yaşlı qolkiperi icarə müqaviləsi əsasında heyətinə qatıb. Heyn cari mövsümün sonuna kimi “Verder”də forma geyinəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Mövsümün sonunda o, yenidən “Arsenal”a qayıdacaq.

Karl Heyn Estoniyanın “Nomme Yunayted” klubunun yetirməsidir. “Arsenal” onu 2018-ci ildə heyətinə qatıb. “Topçular”ın əsas komandasında cəmi 1 oyun keçirmiş qapıçı daha öncə “Ridinq” və “Valyadolid”də də icarədə olub.

Estoniyanın U-17, U-19 və U-21 yığmalarında da oynamış Heyn 2020-ci ildə əsas millidə debüt edib. O, yığmanın heyətində meydana çıxdığı 39 oyunda 64 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Chosen
48
arena.az

1Sources