EN

Fransa Afrikadakı nəzarət mexanizmlərindən mərhələli şəkildə məhrum olur

2022-ci ildən sonra Afrika-Fransa münasibətlərində köklü dönüş baş verdi. Fransa faktiki olaraq Afrika qitəsindən sıxışdırılıb çıxarılır. Mərkəzi Afrika Respublikasında rəsmi Parisə qarşı atılan sərt addımlar domino effekti yaratdı -ardınca Mali, Burkina Faso və Niger kimi ölkələr də Fransanı ölkədən çıxarmağa qərar verdilər. Onilliklər ərzində -1960-cı illərdən bəri bu ölkələrdə hərbi bazalar saxlayan Fransa indi həmin mövqelərini bir-bir itirir. Əslində, bu proses Afrikanın müstəqil siyasətə keçidinin və Fransa neokolonial modelinə qarşı artan narazılığın nəticəsidir. Bu, bir növ Afrikanın “FransAfrik” modelinə qarşı tarixi cavabıdır.Fransanın 2030-cu ilə qədər olan Milli Strateji İcmalında Afrika siyasətini yenidən nəzərdən keçirmək niyyəti, Parisin qitədəki nüfuzunun sürətlə azalmasının etirafı kimi qiymətləndirilə bilər. Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi altında həyata keçirilən Afrika siyasəti, xüsusilə də "Françafrik" dövrünün sona çatdırılması və yeni tərəfdaşlıq modellərinin qurulması istiqamətində atılan addımlar gözlənilən nəticələri verməmişdir. Fransanın Afrika ölkələrindəki təsirinin zəifləməsi, bir sıra dövlətlərin Fransa hərbi bazalarını bağlamaq və ya onların fəaliyyətini məhdudlaşdırmaq qərarları ilə müşayiət olunmuşdur. Bu, Fransa üçün yalnız hərbi deyil, həm də iqtisadi və diplomatik sahələrdə ciddi itkilərlə nəticələnmişdir. Bu baxımdan, Fransanın Afrikada uzun illər müstəmləkəçi və hegemon siyasət aparması, qitə xalqlarının maraqlarını nəzərə almadan birtərəfli addımlar atması Bakıda da diqqətlə izlənir. Rəsmi Parisin 2026-cı ildə Afrikadakı siyasi strategiyasını dəyişmək niyyəti bu baxımdan təkcə Fransa üçün deyil, həm də bu siyasətdən əziyyət çəkmiş ölkələr və beynəlxalq ictimaiyyət üçün ciddi maraq doğurur. Azərbaycanın mövqeyi isə aydındır: istənilən tərəfdaşlıq ədalətə, qarşılıqlı hörmətə və suverenlik prinsipinə əsaslanmalıdır.

Bu məqsədlə, 2026-cı ilin birinci rübündə Nayrobidə keçiriləcək Afrika-Fransa sammitindən əvvəl yeni strategiyanın formalaşdırılması vacib sayılır. Həmçinin transformasiya proqramının icrasının davam etdiriləcəyi, mülki tərəfdaşlıq-xüsusilə iqtisadiyyat, mədəniyyət və tarixi yaddaş sahələrində əlaqələrin gücləndiriləcəyi bildirilir. Bu yanaşma Fransanın Afrikadakı nüfuzunu qorumaq cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər. Fransa Afrika ölkələrinin xarici tərəfdaşlıq ehtiyaclarını müəyyən etmək və qitənin tələblərini nəzərə alan yeni siyasətlər hazırlamaq, həmçinin Avropa və çoxtərəfli təhlükəsizlik təşəbbüslərini təşviq etmək niyyətindədir.

Fransanın Afrikada strategiyasını yeniləməyə hazırlaşması, onun son illərdə beynəlxalq aləmdə itirdiyi nüfuzu bərpa etmək cəhdlərinin bir hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycan üçün bu proses maraqlıdır, çünki Fransa son dövrlərdə Cənubi Qafqaz, xüsusilə də Azərbaycanla bağlı məsələlərdə obyektivlikdən uzaq, qərəzli mövqe nümayiş etdirib. Paris bir tərəfdən Afrikada “tərəfdaşlıq” və “yeni yanaşma”dan danışır, digər tərəfdən isə Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinə qarşı təzyiq göstərməyə çalışır. Belə ikili standartlar göstərir ki, Fransa hər hansı regional əməkdaşlıqdan çox, öz geosiyasi maraqlarını təmin etməyə çalışır.

Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi və Afrika ölkələri ilə əməkdaşlıq sahəsindəki maraqları nəzərə alındıqda, Fransanın bu yeni siyasəti və onun nəticələri ölkəmiz üçün də əhəmiyyətlidir. Fransanın Afrika qitəsindəki təsirinin azalması və yeni tərəfdaşlıq modellərinin formalaşması, Azərbaycanın bu regionla əlaqələrini genişləndirmək və möhkəmləndirmək üçün yeni imkanlar yarada bilər.

Bu, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığını daha da inkişaf etdirmək və bu regionda öz mövqeyini gücləndirmək üçün bir fürsət ola bilər.

Xatırladaq ki, Qərbi və Mərkəzi Afrika ölkələrinin uzun illər istifadə etdiyi pul vahidi-CFA frankı- formal olaraq regional olsa da, onun buraxılışı və məzənnəsi hələ də Fransa Xəzinədarlığı tərəfindən müəyyənləşdirilir. Bu nəzarət sistemi isə faktiki olaraq həmin ölkələrin iqtisadi müstəqilliyini məhdudlaşdırır, onları Fransanın kənd təsərrüfatı və xammal bazasına çevrilmiş vəziyyətdə saxlayırdı. Lakin Niger, Mali və Burkina Faso hökumətləri bu asılılığa son vermək üçün ciddi addımlar atmağa başlayıblar. Onlar 2026-cı ilə qədər vahid və suveren valyutaya keçid qərarı veriblər. Bu, sadəcə iqtisadi deyil, həm də siyasi müstəqillik yolunda atılmış addım kimi dəyərləndirilir. Artıq bu ölkələrdə fransız kapitallı bir çox müəssisələr milliləşdirilib və proses ilin sonunadək genişlənəcək. Beləliklə, Fransa Afrikadakı nəzarət mexanizmlərindən biri olan iqtisadi alətlərdən də mərhələli şəkildə məhrum olur. Fransanın regiondan mərhələli şəkildə çəkilməsi, o cümlədən BMT daxilində müttəfiqlərindən və tərəfdaşlarından uzaqlaşması Parisin təsir imkanlarının azalmasına və zəifləməsinə işarədir. Fransa prezidenti Emmanuel Makronun fəaliyyəti barədə "Le Point" qəzeti yazır ki, o, Fransa ilə Afrika arasında 70 illik imtiyazlı əlaqələrin mirasını cəmi 8 il ərzində məhv edib.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
25
ikisahil.az

1Sources