EN

Körpələrin ölümü ilə bağlı ifadə verənlər mərkəzin sabiq direktorunu günahlandırdılar

ain.az, Oxu.az saytına istinadən bildirir.

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi altında keçirilən proses bu dəfə də şahidlərin ifadələri ilə davam edib.

Şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Firuzə Məmmədova təqsirləndirilən şəxsləri tanıdığını deyib:

"Mehriban xanım mərkəzin direktoru, Hamlet Mustafayev isə beşinci mərtəbədəki şöbənin müdiri olub. Mərkəzdə uzun müddət tibb bacısı vəzifəsində çalışmışam. Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi. Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda olurdu. Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə bağlı Mehriban Abasquliyevaya bildirsək də, bizə qapını göstərirdi. Otaqda 4 küvəzin yerləşdirilməsi nəzərdə tutulsa da, 8 küvəz yerləşdirilmişdi. Hər küvəz bir panelə bağlı olurdu. Hər paneldə 3 elektrik yuvası olurdu. Uşaq çoxluğundan elektik uzadıcısından istifadə edirdik. Həmin uzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həmin uzadıcılara da uzadıcı qoşulurdu. Uşaq çox idi. Biz bunu etməyə məcbur idik. İstifadə edilmə qaydası, qadağa ilə bağlı bizə məlumat verilməyib. Hətta paneldə açıq hissələr var idi. Məni və digər tibb bacılarını elektrik cərəyanı vurmuşdu. Bununla bağlı böyük tibb bacısına, şöbə müdirinə bildirmişdik. Lakin bir nəticə olmurdu".

Növbəti şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalışmış Günel Həsənova danışıb.

"Əvvəllər yenidoğulmuşların intensiv terapiya bölməsində iki otaq fəaliyyət göstərirdi. Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra otaq sayı 4 oldu. Hətta bu sayı 6 etmək istəyirdilər. İş çox ağır idi. Otaq və xəstə sayı çox, amma işçi az idi. Bununla bağlı biz rəhbərliyə, o cümlədən Mehriban Abasquliyevaya bildirmişdik. Mehriban Abasquliyeva A4 vərəqi və qapını göstərərək - "Kim istəyirsə, ərizəsini yazıb işdən çıxa bilər, qapı açıqdır", - deyirdi. Biz də işimizə xatir heç nə deyə bilmirdik. Biz küvəzləri panelə qoşurduq. Bəzən bizi elektrik cərəyanı vururdu. Yerimiz olmayanda panellərə elektrik uzadıcısı qoşurduq. Qadağa ilə bağlı bizə məlumat verilməyib. Biz bunu etməyə məcbur idik. Mərkəzdə uşaq həddindən artıq çox idi. İş ağırlığından su belə içməyə vaxt olmurdu".

Növbəti proses sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsinin (PHŞ) inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi" PHŞ, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
10
oxu.az

10Sources