Respublika Perinatal Mərkəziində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
AzPost APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Firuzə Məmmədova ifadə verərək bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır.
“Mehriban xanım mərkəzin direktoru, Hamlet Mustafayev isə beşinci mərtəbədəki şöbənin müdiri olub. Mərkəzdə uzun müddət tibb bacısı vəzifəsində çalışmışam. Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi. Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda həyata keçirilirdi. Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə bağlı Mehriban Abasquliyevaya bildirsək də, bizə qapını göstərirdi. Otaqda 4 küvezin yerləşdirilməsi nəzərdə tutulsa da, 8 küvez yerləşdirilmişdi. Hər küvez 1 panelə bağlı olurdu. Hər paneldə 3 elektrik yuvası olurdu. Uşaq çoxluğundan elektrik uzadıcısından istifadə edirdik. Həmin uzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həmin uzadıcılara da uzadıcı qoşulurdu. Uşaq çox idi. Biz bunu etməyə məcbur idik. İstifadə edilmə qaydası, qadağa ilə bağlı bizə məlumat verilməyib. Hətta paneldə açıq hissələr var idi. Məni və digər tibb bacılarını “tok” vurmuşdu. Bununla bağlı böyük tibb bacısına, şöbə müdirinə bildirmişdik. Lakin bir nəticə olmurdu”, – o deyib.
Şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib. Şahid məhkəmədəki ifadəni təsdiq edib.
Daha sonra şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalışmış Günel Həsənova ifadə verib.