EN

«Türk əsri» ifadəsi sözdə deyil, əməldə də özünü doğruldur

Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasında keçirilən görüş bu reallığı bir daha təsdiqlədi

Türk birliyinin sarsılmazlığını «Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır» söyləməklə hədəfləri də dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev daim bildirir ki, biz böyük Türk dünyasının bir hissəsiyik: «Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.»

Müqəddəs amal naminə birləşən, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru atılan mühüm addımlar, qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzunun daha artması imkanlarını genişləndirir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən TDT, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqində, maddi və mənəvi dəyərlərimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə dövlətin parlamentlərarası qrupları ilə sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman sahələrində birgə fəaliyyət xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. TDT daxilində strateji tərəfdaşlığın faydasını «Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Beynəlxalq münasibətlər sistemində adları qoşa çəkilən, dünya hadisələrinə təsir imkanları artan, qarşısıalınmaz güc mərkəzi kimi tanınan bu birliyin lokomotivi Türkiyə ilə Azərbaycanın qardaşlığıdır. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda 44 gün davam edən İkinci Qarabağ müharibəsində daim Azərbaycanla bir olan Türkiyə başda olmaqla bütün türkdilli dövlətlərin mənəvi dəstəyi xalqımıza əlavə güc, qüvvət verdi, qələbə əzmini artırdı. Bakının Azadlıq meydanında «Dəmir yumruq» əməliyyatının Zəfər müjdəsi hərbi paradı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəfərimizin hər iki xalq tərəfindən təntənə ilə qeyd edilməsi bu qardaşlığın təntənəsi idi. Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Türkiyə ilə Azərbaycan dünyanın enerji, nəqliyyat xəritələrini dəyişən qlobal layihələrin müəllifləri kimi yeniliklərə birgə imza atdılar. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı nəinki danışılır, əməli fəaliyyət intensivləşdirilir.

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Müxtəlif vaxtlarda, TDT-yə daxil olan ölkələrdə keçirilən, türk dövlətlərinin ümumi maraqlarını əks etdirən problemlərə həsr olunan Zirvə görüşlərində, toplantılarda Prezident İlham Əliyevin həllivacib hədəflərə ünvanlanan çağırışları tarixi əhəmiyyəti ilə də maraq doğurur. Türkiyədə baş verən «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında həmrəylik göstərən TDT üzvlərinin birliyi Prezident İlham Əliyevin bu sözlərini gerçəkləşdirdi: «Türk dünyası böyük bir ailədir.» Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmrəylik nümunəsi kimi tarixə yazıldı.

TDT-nin Qazaxıstanın paytaxtı Astanada «Türk əsri» devizi altında keçirilən Sammitində türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq məsələləri ilə bağlı aparılan müzakirələr təşkilat üzvlərinin həmrəyliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin «Bizim ailəmiz Türk dünyasıdır!» sözləri Bakıda keçirilən COP29 çərçivəsində imzalanan «Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» TDT-yə üzv dövlətlərin müttəfiqlik aktı, yaşıl enerji siyasətinin, nəqliyyat, kommunikasiya imkanlarının genişlənməsinə, əlaqələrin möhkəmlənməsinə ən önəmli töhfə oldu. Azərbaycanın yaşıl enerji sahəsində özünü doğruldan layihələri bu sazişin icrasında bələdçi, etibarlı yol xəritəsi kimi dəyərləndirildi. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı prosesləri sürətləndirən Saziş böyük coğrafi məkanı əhatə etməklə kommunikasiyaların daha da gücləndirilməsini, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarını genişləndirir. İnkişaf strategiyası istiqamətində paralel addımlayan hər üç qardaş türk dövləti bərpaolunan enerji mənbələrinin yaradılması üzrə müəyyən nəticələrə nail olurlar. Bəllidir ki, bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil, gələcəyə töhfə, gələcək nəsillər qarşısında məsuliyyət hissidir.

Bu günlərdə Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasında keçirilən görüş bir daha təsdiqlədi ki, türk əsri sözdə deyil, əməldə də özünü doğruldur. Çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyan görüşdə birgə bəyanatlarla çıxış edərək ölkələr arasındakı əməkdaşlığın perspektivləri ilə bağlı açıqlama verən liderlər bildirdilər ki, dialoqlar bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində davam etdirilir.

«Ölkələrimizin iqtisadi əməkdaşlıq baxımından potensialını nəzərdən keçirdik ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə verir. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bunu təsdiqləyən çoxlu misallar var» söyləyən Qurbanqulu Berdiməhəmmədov Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizlərinin ən önəmlisi olan «Böyük İpək Yolu»”nun bərpası üçün əlaqələrin möhkəmləndirilməsini iqtisadi, siyasi, qarşılıqlı əməkdaşlıq formatının yaradılması baxımından yüksək dəyərləndirdi. Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarından səmərəli sitifadəni TDT dövlətlərinin iqtisadi inkişafına önəmli töhfə adlandırdı. Çoxtərəfli dialoq çərçivəsində humanitar əlaqələri gücləndirməyin vacibliyini qeyd etdi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Beynəlxalq Sülh və Etimad İlində Avazada Birləşmiş Millətlər Təşkilatının Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin III Beynəlxalq Konfransının region üçün əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını tarixi hadisə - Vaşinqton şəhərində Ermənistanla Birgə Bəyannamənin imzalanması münasibətilə səmimi-qəlbdən təbrik edən Özbəkistan Prezidentinin «Hesab edirik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığımızın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək» sözləri qardaş həmrəyliyinin nümunəsi idi. Türkmənbaşı görüşünü xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradənin əyani təcəssümü adlandıran Şavkat Mirziyoyevin vurğuladığı kimi, coğrafi mövqeyi yaxın olan ölkələr arasında iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələrin genişlədirilməsinə xidmət edən bu cür əməkdaşlıq bütünlükdə türk dövlətləri üçün faydalıdır. Milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi məqsədilə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planlarının ətraflı müzakirə olunduğu bu görüşdə imzalanan sənədlər mürəkkəb qlobal siyasi proseslərin davam etdiyi, dəyişkən dünyanın iqtisadi konyunkturası şəraitində tərəfdaşlığın önəmini artıran dayanıqlı inkişafa yönəlib. Nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə logistika infrastrukturunun formalaşması məsələlərinə xüsusi diqqət yetirilməsi türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirəcək. Logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə fəaliyyətin əhəmiyyəti nəzərə alınaraq Xəzər dənizi vasitəsilə bərə daşımaları üzrə razılığın əldə olunması, üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi, karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələr barədə müzakirələrə xususi diqqət yetirildi. Bildirildi ki, hər üç ölkənin milli müəssisələrində istehsal olunan keyfiyyətli məhsulların qarşılıqlı tədarükünün stimullaşdırılması investisiya layihələrinin həyata keçirilməsi üçün zəmin yaradacaq.

Görüşdə Avazaya ikinci səfərini, Arxadağla Füzuli şəhərlərinin qardaşlığını milli birliyin rəmzi adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə, qardaşlar kimi yaşayıb-yaratmışlar. Hazırda müstəqil dövlət kimi tarixi ənənələrə sadiq ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün səylərini artırırlar. «Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür» söyləməklə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu yaxınlarda Xankəndidə ECO Zirvə görüşündə iştirakını da qardaşlıq rəmzi adlandıran Prezident İlham Əliyev dost ölkənin dəstəyi ilə Xankəndidə istifadəyə verilən böyük tikiş fabrikini Azərbaycana, dirçələn Qarabağ bölgəsinə özbək xalqının hədiyyəsi kimi dəyərləndirdi. Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin istifadəyə verilməsindən sonra bu fabriki sözdə yox, əməldə dostluq, qardaşlıq nümunəsi adlandırdı. «Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur» söyləyən Prezident İlham Əliyev vurğuladı ki, Türkmənbaşı görüşü ilə bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
5
ikisahil.az

1Sources