Dünyanın 1 nömrəli ofisində imzalanan sənədlər
XX əsrdə Azərbaycan xalqı bir sıra görkəmli şəxsiyyətlər yetişdirdi.
Onların bir qrupu birləşərək tarixin yaratdığı imkanlardan istifadə etməklə ilk demokratik dövlət yaratdılar.
Təəssüf ki, bu dövlətin ömrü çox qısa oldu - cəmi 23 ay çəkdi.
Sonra on birinci qırmızı ordu gələrək Azərbaycanın dövlət müstəqilliyini əlindən aldı, onu "kiçik qardaş" statusu ilə öz tərkibinə daxil etdi.
Yetmiş il ərzində Azərbaycan nə müstəqil dövlət oldu, nə öz sərvətlərinə sahiblik edə bildi, nə də öz taleyini özü müəyyənləşdirdi.
Əsrin sonlarında qırmızı imperiya süquta uğrayaraq parçalanma həddinə çatdı.
Müstəqillik qazanan respublikalardan biri də Azərbaycan oldu.
Lakin xalqın öz sınanmış rəhbəri Heydər Əliyevdən ayrı düşməsi, ölkəyə maymaq, qorxaq, naşı və səriştəsiz adamların rəhbərlik etməsi Azərbaycanı məhvolma həddinə çatdırdı, bir dövlət kimi varlığını sual altında qoydu.
Yalnız xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması Azərbaycanı məhvolmadan, əvvəlki dövrlərdəki tək kiçik xanlıqlara bölünmə təhlükəsindən xilas etdi.
Ulu Öndər Heydər Əliyev müharibədə atəşkəsə nail oldu, qeyri-qanuni silahlı dəstələri ləğv etdi, əhalidəki külli miqdarda silah-sursatı yığdırdı, ölkədə möhkəm və dönməz sabitlik yaratdı.
Lakin ömür bundan artığına imkan vermədi.
Qalan taleyüklü məsələlərin həlli onun siyasi varisi İlham Əliyevin üzərində qaldı.
Müasir Azərbaycan dövlətinin banisi və yaradıcısı Ulu Öndər Heydər Əliyev XX əsr Azərbaycanının ən görkəmli siması və dahi şəxsiyyəti olaraq tarixdə öz şərəfli yerini tutdu!
***
XXI əsrə müstəqil dövlət kimi qədəm qoyan Azərbaycanın qarşısında çoxsaylı problem və həllini gözləyən vəzifələr dururdu.
Bunların hamısını birdəfəyə və uğurla həll etməyə nə imkan, nə də kifayət qədər güc vardı.
Ən böyük problem isə Qarabağ münaqişəsinin ədalətli həlli, ölkənin ərazi bütövlüyünün bərpası və doğma torpaqlarından zorla qovulmuş insanların geriyə qaytarılması idi.
Bütün bunların uğurlu həlli üçün isə həm güclü iqtisadiyyat və qüdrətli ordu, həm də müdrik və uzaqgörən siyasətçi, qətiyyətli və möhkəm iradəli lider tələb olunurdu.
Azərbaycana rəhbərliyinin ilk dövründən cənab İlham Əliyevin atdığı hesablanmış addımlar, yeritdiyi müstəqil daxili və xarici siyasət, nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqe, habelə özünəməxsus rəhbər və siyasi lider keyfiyyətləri onun bütün bu mürəkkəb və çoxsaylı vəzifəni uğurla həyata keçirəcəyinə dəlalət edirdi.
İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən bir çox həlli vacib məsələ ilə həm də mütəmadi şəkildə məşğul olurdu.
Özü də bunların hamısı birinci dərəcəli vəzifələr sayılırdı:
* Xalqın sosial rifahı yüksəldilməli idi.
* Ölkədə işsizlik və yoxsulluq 40-50 faiz civarındaydı.
* Məcburi köçkünlərin əksəriyyəti ağır şəraitdə, çadır şəhərciklərində yaşayırdı.
* Ciddi elektrik enerjisi qıtlığı vardı, bu səbəbdən regionlara elektrik enerjisi fasilələrlə verilir, məişətdə və kənd təsərrüfatında ciddi problemlər yaşanırdı.
* Rusiya Azərbaycana verdiyi təbii qazı kəsdiyindən regionlarda böyük çətinliklər yaşanır, əhali qış aylarında əziyyət çəkirdi.
* Yeni ordu qurulmalı və müasir silahlarla təchiz edilməli idi.
Bütün bunlar əsaslı vəsait və zaman tələb edirdi.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev özünəməxsus təmkin və uzaqgörənliklə bütün bu problemlərin dayanmadan, yorulmadan həllinə başladı.
Həm də işlərin hamısını paralel şəkildə aparırdı.
Neftdən gələn vəsaitlər digər sahələrin də inkişafına yönəldilir, ölkənin iqtisadi imkanları yüksəlirdi.
Məqsədyönlü şəkildə görülən işlər getdikcə öz bəhrəsini verirdi.
Çox keçmədən ölkədəki işsizlik və yoxsulluq 4-5 faizədək endirildi, 116 qaçqın şəhərciyi tikilərək 300 mindən çox məcburi köçkünün həyat şəraiti yaxşılaşdırıldı, elektrik enerjisi ilə təminatdakı çətinliklər və fasilələr ləğv edildi, ölkə üzrə qazlaşdırma doxsan faizi ötdü, yeni yollar şəbəkəsi yaradıldı.
Bütün bunlar hamının gördüyü və bildiyi, həyatında hiss etdiyi əhəmiyyətli dəyişikliklər idi.
Ordu quruculuğu sahəsində gərgin və çoxcəhətli işlər isə tam məxfi qaydada aparılırdı.
***
ATƏT-in Minsk qrupunun məqsəd və niyyətinin torpaqların sülh yolu ilə qaytarılması deyil, Azərbaycan xalqını işğalla barışdırmaq olduğunu yaxşı bilən Prezident İlham Əliyev sülh danışıqlarını davam etdirsə də, problemin hərbi yolla həllinə ciddi və yorulmadan hazırlaşırdı.
Lakin bu məxfi işlər o qədər gizli saxlanılırdı ki, möhtəşəm və yeni tipli ordu qurulduğu, ən müasir silahların əldə olunduğu və yeni tipli müharibə aparılacağı barədə Ermənistanın nə özü, nə də heç bir dostu xəbər tuta bilmirdi.
Rusiya və İranın qonşuluğumuzda, Fransanın güclü peyk kəşfiyyatına malik olmalarına baxmayaraq, İlham Əliyev onları məlumatsız qoymağı bacardı, hərbi əməliyyatlar başlayan günədək Ermənistanın heç bir müdafiəçisi və havadarı Azərbaycanın hərbi qüdrətindən və XXI əsrin yeni müharibəsini aparacağından tam xəbərsiz qaldı.
Əks halda hərbi əməliyyatların başlanmasına heç bir şəkildə yol verməzdilər!
Müharibə isə heç kəsin gözləmədiyi bir sürətlə, heç kəsin ağlına gəlməyən strategiya və taktikanın tətbiqi sayəsində davam edərək cəmi 44 gündə düşmənin darmadağın olunaraq diz çökdürülməsi ilə nəticələndi!
Yenə də Rusiya ermənilərin dadına çataraq kapitulyasiya aktının imzalanması yolu ilə hərbi əməliyyatları dayandırmağa, Ermənistanı görünməmiş itkilərdən qorumağa nail oldu!
Müzəffər Ali Baş Komandan İlham Əliyev üçtərəfli Bəyanata imza atmağa razı olsa da, digər addımları mərhələlərlə, uzaqgörən, qətiyyətli yollar ilə ataraq növbəti üç ildə nəzərdə tutduğu bütün planları sonadək icra etdi!
***
Ordusu darmadağın olan, qanunsuz hərbi birləşmələri və terrorçu qrupları Azərbaycan ərazilərindən qovulan, əhalisi Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul edərək ölkəmizdə yaşamaqdan imtina edən Ermənistan yenə də torpaq iddialarından əl çəkmək istəmirdi.
Havadarlarının vasitəçiliyinə böyük ümidlər bəsləyərək üçtərəfli Bəyanatın əsas müddəalarının yerinə yetirilməsini şüurlu şəkildə uzatmaqla yenidən geriyə qayıtmaq və separatçı əməllərini davam etdirmək üçün min cür hiyləyə və hoqqabazlığa əl atırdı.
Lakin bütün bu oyunbazlıqlar İlham Əliyevin polad iradəsinə dəyərək parçalanıb tökülürdü.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hesablanmış və ağıllı addımları ilə Ermənistanı havadarlarından təcrid etdi, sonra bir küncə sıxışdıraraq məqsədinə nail oldu!
Həm də necə?!
İlham Əliyevin şərtləri əsasında hazırlanan sülh sazişi layihəsinin paraflanması Ermənistanın Bayden administrasiyasının gethagetdə imzaladığı strateji tərəfdaşlıq haqqında memorandumun qollandığı və yeni prezident seçkilərindən sonra basdırıldığı məkanda - Vaşinqtonda baş tutdu.
Amma bu dəfə Ermənistanın dostu sayılan Baydenin deyil, Azərbaycanın dostu Trampın iştirakı və vasitəçiliyi ilə!
Vaşinqtonda görüş iştirakçıları, habelə dünya mediasını izləyənlər ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi münasibətinin, səmimiyyət və mehribanlığının şahidi oldular.
D.Tramp Azərbaycana və onun rəhbəri İlham Əliyevə dost münasibətini açıq şəkildə nümayiş etdirdi, fəaliyyətini yüksək qiymətləndirdi.
***
XXI əsrin əvvəllərindən bəri dünyada diqqətçəkən məqamlardan biri də güclü siyasi lider qıtlığıdır!
Belə ki:
* ABŞ prezidenti C.Bayden öz prezidentlik müddətini mürgüləyə-mürgüləyə, yıxılıb-dura başa vurdu.
* A.Merkeldən sonra Almaniya özünə uzunömürlü lider tapmaqda hələ də çətinliklər yaşayır.
* Böyük Britaniyada üzün müddət hakimiyyətdə qalan partiya lideri yoxdur, tez-tez dəyişilir.
* Makron Fransanın demokratik imicini, siyasi nüfuzunu yerlə bir etdi, Ermənistanın maraqlarını öz ölkəsinin maraqlarından daim üstün tutdu.
* Avropa İttifaqında da xeyli müddətdir ki, parlaq və nüfuzlu lider görünmür.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dünyada ən çox görünən və sevilən liderlərə çevriliblər.
Zəngin tarixə və qədim dövlətçilik ənənələrinə malik Türkiyənin qlobal dövlətə çevrilməsi normal və təbiidir.
Ərazicə və əhalicə kiçik Azərbaycanın yüksək siyasi nüfuzu, dünya iqtisadiyyatına və siyasətinə verdiyi töhfələr isə onun qısa zamanda əsrlərə bərabər inkişaf yolu keçməsi ilə bağlıdır.
Bu nailiyyətlərdə Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-adi zəkasının, siyasi bəsirətinin və uzaqgörənliyinin, ən əsası nəyi nə vaxt və necə etmək məharətinin xüsusi rolu vardır!
Başqa sözlə, İlham Əliyev nədən başlamağı, keçilən yoldakı maneələri necə və nə sayaq dəf etməyi, öz ideya və istəklərini gerçəkləşdirməkdən ötrü etibarlı tərəfdaşlar tapmağı, istəyinə haçan və hansı nöqtədə nail olacağını qabaqcadan, həm də müdrikcəsinə müəyyən etməyi ustalıqla bacarır.
İlham Əliyev xarizmatik şəxsiyyət olmaqla yanaşı, həm də böyük iş qabiliyyətinə, zəngin təcrübəyə, qətiyyətli mövqeyə və möhkəm iradəyə malik nadir siyasətçilərdəndir.
Bunu onun Azərbaycana rəhbərliyi dövründə gördüyü işlər və nail olduğu möhtəşəm qələbələr də təsdiq edir.
***
Rusiyanın vasitəçiliyi və zəmanəti ilə imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat müharibənin ən şiddətli vaxtına təsadüf etdi.
Əslində, bu, təsadüfi deyildi!
Azərbaycan sərhədboyu irəliləyərək bir-birinin ardınca Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını azad edəndən sonra heç kəsin gözləmədiyi və ağlasığmaz bir hadisə də baş verdi:
Azərbaycan Ordusunun igid əsgər və zabitləri keçilməz cığırlarla gedərək, sıldırım qayalara dırmaşaraq demək olar ki, yalın əllə - əsgər lopatkası və xəncərlə döyüşərək Şuşa şəhərindəki erməni hərbi birləşmələrini darmadağın edib qovdular, üçrəngli bayrağımızı onun üzərində dalğalandırdılar!
Azərbaycan Ordusunun mərkəzdən - Ağdam istiqamətindən hücuma keçəcəyini gözləyən düşmən (əslində, Azərbaycan Ordusu aldadıcı manevr etmişdi) mühasirə vəziyyətinə düşmüş oldu.
Təslim olmayacağı təqdirdə qısa müddətdə iyirmi min əsgər və zabiti məhv ediləcəkdi!
Belə bir vəziyyətdə üçtərəfli Bəyanat imzalandıqdan sonra yenə onun bəzi vacib bəndləri yerinə yetirilmədi.
MƏSƏLƏN:
* Birgə razılığa əsasən, Laçın dəhlizinə Azərbaycanla Ermənistan birlikdə nəzarət etməliydilər!
Lakin Rusiya sülhməramlı qüvvələri öz statuslarından istifadə edərək Laçın yolunun əvvəlki kimi qalmasını təmin edirdi.
Yəni yenə də Ermənistandan sərbəst şəkildə təminat və təchizat həyata keçirilir, istənilən adamlar və yüklər sərbəst şəkildə ərazilərimizə daxil olurdular!
Hərdən Azərbaycan silahlı qüvvələri bu özbaşınalığın qarşısını almaq istəyəndə Rusiya Sülhməramlı Kontingenti (RSK) araya girir, ermənilərin müdafiəçisinə və qoruyucusuna çevrilirdi.
* Bəyanatın Qarabağ ərazisindəki qeyri-qanuni hərbi birləşmələrin və terrorçu qrupların çıxarılması ilə bağlı bəndi də icra edilmədi.
Onlar da RSK-nın qanadı altında əvvəlki qaydada fəaliyyətlərini davam etdirirdilər.
* Ermənistan Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müxtəlif hoqqabazlıqlara (məsələn, "sülhün kəsişməsi" abstrakt və cəfəng layihəyə) əl atmaqla vaxtı uzatmağa başladı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə səbir və təmkinlə hərəkət etdi, bəndlərin ikisini 23 aprel və 20 sentyabr 2023-cü il tarixlərdə "dəmir yumruq"la həyata keçirdi!
Zəngəzur dəhlizi (TRIPP) barədə də dediyinin həyata keçəcəyinə əminliklə həmin yolun Azərbaycan ərazisindən keçən hissəsinin qrafik üzrə çəkilişinə nail oldu!
Niyyəti Azərbaycan ərazilərində əbədi qalmaqla Qarabağ münaqişəsinin daim və qaynar vəziyyətdə olmasına xidmət edən RSK-nın sakit bir tərzdə, mehribanlıqla yola salınması da kimsənin gözləmədiyi hadisələrdən biridir!
Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünyanı heyrətləndirən öncəbilmələrindən və özünəməxsus hesablamalarından biri də möcüzəvi şəkildə baş tutdu.
Erməni diasporuna səs borcu olan və erməni diasporunun pul kisəsindən bəhrələnən C.Baydenin seçkilərdə məğlubiyyətə uğrayacağını və D.Trampın ABŞ Prezidenti seçiləcəyini cənab İlham Əliyev hələ seçkilər başlamamışdan qabaq açıq şəkildə və ucadan bildirmişdi.
Çoxlarının inanmadıqları və İlham Əliyevin proqnozunu verdiyi hadisə isə onun dediyi kimi də oldu!
* İlham Əliyev həm də bəyan etmişdi ki, D.Tramp yeganə ABŞ Prezidentidir ki, hakimiyyəti dövründə yeni müharibəyə başlamayıb.
* İlham Əliyev həm də D.Trampın Cənubi Qafqaza da lazımi diqqət yetirəcəyini və burada da sülhə nail olacağını irəlicədən söyləyirdi.
Bu proqnoz da doğru çıxdı!
Üçtərəfli Bəyanatda Rusiyanın üzərinə götürərək edə bilmədiyini (bəlkə də etmək istəmədiyini) indi D.Tramp həyata keçirir.
Həm də öz adına olan bir layihə əsasında:
"Beynəlxalq Sülh və Rifah naminə D.Tramp Marşrutu" (TRIPP).
D.Trampın bu təşəbbüsünü Rusiya da bəyəndiyini açıqladı.
İranın "qırmızı xətti"ni keçən ABŞ Prezidentinə mollaların hansısa formada mane ola biləcəkləri ağlabatan deyil!
Çünki bu yaxınlarda ABŞ öz gücünü Cənubi Qafqazda ağalıq etmək istəyən bu dövlətə göstərdi və yəqin ki, hələ də yadlarından çıxmayıb.
Göründüyü kimi, cənab İlham Əliyev həm də nədən başlayıb və harada, necə qurtaracağını da illərlə qabaq və dəqiq şəkildə hesablamağı, həm də məharətlə həyata keçirməyi yaxşı bacarır.
***
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
İki əsr öncə yaradılan Qarabağ münaqişəsi Azərbaycanın sinəsində açılan sağalmaz yara idi.
* Bu yaranı türkə düşmən qüvvələr yaratmışdılar.
* Bu yaranı türk dünyasını bir-birindən ayırmaqdan, quru əlaqələrini kəsməkdən ötrü yaratmışdılar.
* Bu yaranı Azərbaycanı daim təzyiq, itaət altında saxlamaq üçün yaratmışdılar.
Və tarixin müəyyən, taleyüklü dönəmlərində münaqişəni qızışdıraraq yaradan qan axıdırdılar.
Həm də bu münaqişə vasitəsilə Azərbaycandan torpaq qoparaq yurdsuz, vətənsiz Ermənistana dövlət yaratmışdılar.
Ötən əsrin doxsanıncı illərində Azərbaycan yenidən dövlət müstəqilliyi qazananda onu itaətdə saxlamaq, marionet dövlətə çevirmək üçün yenidən münaqişəni alovlandırdılar.
Birinci Qarabağ müharibəsi dövründə iyirmi min vətən övladı şəhidliyə qovuşsa da, torpaqları qorumaq mümkün olmadı...
Yenidən ərazimizin iyirmi faizini qopararaq ermənilərə hədiyyə etdilər!
Azərbaycan heç zaman işğalla barışmadı, heç zaman torpaqlarından əlini üzmədi.
Vaxtaşırı atəşkəs pozularaq şəhidlər verildi.
Sülh danışıqları imitasiya xarakteri daşıdı.
... Ermənilərin torpaqlarımızı könüllü tərk etməyəcəkləri bəlli idi...
Nəhayət, qisas məqamı, həlledici məqam gəlib çatdı!
İlham Əliyev "dəmir yumruğ"unu sıxaraq xalqı ayağa qaldırdı!
Orduya "irəli!" əmrini verərək özü öndə getdi!
Eyni zamanda üç cəbhədə - hərb, diplomatiya və informasiya meydanında çarpışdı.
Hər üçündə də tarixə qızıl hərflərlə yazılan Zəfər əldə etdi!
Düşməni qarşısında diz çökdürdü, ona kapitulyasiya aktını imzalatdırdı!
Lakin havadarları və dəstəkçiləri hayları yenə müdafiə etdilər. Üçtərəfli Bəyanatın bəndləri yerinə yetirilmədi.
Yenidən "dəmir yumruq" işə düşdü!
Azərbaycanın ərazi bütövlüyü, Dövlət suverenliyi və Konstitusiya əsasları da bərpa olundu.
Ermənistan yenə sülh müqaviləsinin imzalanmasını uzatdı və yubatdı.
Ermənipərəst vasitəçilərdən imtina edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu dəfə ABŞ-nin, Prezident Donald Trampın vasitəçiliyini qəbul etdi.
***
Prezident İlham Əliyevin Vaşinqton səfərində imzaladığı mühüm sənədlərə və baş verən hadisələrə bir daha diqqət çəkirik:
* "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı!
* "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflandı!
* Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri birlikdə ATƏT-in Minsk qrupunun bağlanması ilə əlaqədar ATƏT-in hazırda fəaliyyətdə olan sədrinə müraciət ünvanladılar.
* ABŞ Prezidenti D.Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam verildi.
* "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçiriləcəyi təsbit olundu.
Daha iki mühüm məqam:
* Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Beynəlxalq Nobel Sülh Mükafatı verilməsi üçün Ermənistanın baş naziri N.Paşinyanla Nobel Sülh Mükafatı Komitəsinə birgə müraciət olunmasını təklif etdi.
* ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin rəmzi qızıl açarını bağışladı.
Sonuncu hadisə ilə bağlı bir neçə məqama da diqqət çəkirik.
Əvvəlla, görüş zamanı ABŞ Prezidenti Donald Tramp İlham Əliyev haqqında dəyərli fikirlər söylədi:
* "Siz güclü və ağıllı insansınız, regionunuz dünyanın gözəl bölgəsidir".
* "Siz böyük lidersiniz".
* "Siz gözəl danışıq aparırsınız".
Ağ Evin rəmzi açarını Azərbaycan Prezidentinə təqdim edən ABŞ Prezidenti D.Tramp dedi:
"Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm".
Doğrudan da, Azərbaycan Prezidenti İlham Əliyev rəmzi qızıl açarı alan üçüncü şəxsiyyətdir.
Bu həm də o deməkdir ki, Ağ Evin qapıları daim Azərbaycan Prezidentinin üzünə açıqdır!
ABŞ-də keçirilən möhtəşəm görüşdə Azərbaycanın bütün maraqları təmin olundu, Azərbaycanın şərtlərini ehtiva edən zəruri sənədlər imzalandı!
Artıq möhkəm və etibarlı sülh yaradılacağına zərrə qədər də şübhə yoxdur!
Bu qələbəni və sülhü Azərbaycana xalqımızın böyük oğlu, XXI əsrin dahisi İlham Əliyev bəxş etdi!
İlham Əliyev torpaqları da qaytardı, ərazilərimizi separatçılardan da tam təmizlədi, Naxçıvana birbaşa yolun və Zəngəzur dəhlizinin (TRIPP) də açılacağına nail oldu!
Bu, təkcə Azərbaycana deyil, həm də bütün türk dünyasına göstərilən ən böyük xidmətlərdən biridir.
Bəxtiyar SADIQOV