EN

Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı

2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı ilə 30 illik işğala son qoyuldu. Prezident İlham Əliyevin diplomatik bacarığı, qətiyyəti və dəmir iradəsi, eləcə də Azərbaycan Ordusunun şanlı qələbəsi Ermənistanı kapitulyasiyaya və işğal etdiyi ərazilərdən çıxmağa məcbur etdi. 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan tərəfindən boşaldıldı. Ondan əvvəl noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Ordusu tərəfindən azad olunmuşdu. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Laçının azad edilməsi həm hərbi, həm də diplomatik zəfərimizin növbəti parlaq nümunəsi oldu.

Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası yolunda atılan mühüm addımlardan biri kimi tarixə yazıldı. Laçının azad edilməsi təkcə hərbi uğur deyil, həm də milli qürur, xalqın illərlə gözlədiyi ədalətin bərpası idi. 

Otuz ilə yaxın erməni işğalı altında qalan Laçın dirçəliş və yenidənqurma dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın şəhəri və rayonu qısa zamanda böyük bərpa və inkişaf mərhələsinə daxil olub. Dövlət başçısının Laçına etdiyi səfərlər çərçivəsində Güləbird Su-Elektrik Stansiyası, "Qorçu" və "Laçın" şəhər yarımstansiyaları istifadəyə verilib, şəhərin əsas küçələrində 1 Dekabr, Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışı olub. Həmçinin Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometrlik tunel, "Laçın" Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsi, Şəlvə kəndi və şəhərdə ilk çoxmənzilli yaşayış məhəlləsinin, eləcə də İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyulub. Bütün bunlar Laçının yeni həyatının təməlini təşkil edir. Laçında aparılan genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə həyata keçirilir. Baş plan layihəsində, təbii yaşıllıqlarla əhatələnmiş və tarixən mövcud olmuş təxminən 258 hektarlıq məskunlaşma ərazisində əsasən həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı çoxfunksiyalı zonalarda və digər yaşayış sahələrində çoxmənzilli binaların tikintisi də nəzərdə tutulur.

Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində hazırda 54 nəfər çalışır ki, onların da 42-si Laçın sakinidir. İş həcminə görə gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq.

Laçın şəhərində yaradılan "Laçın Aqro-Sənaye Parkı"nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. "Laçın Aqro-Sənaye Parkı"nda işə başlayan müəssisələrdən biri də "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialıdır. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. 

Bütün istiqamətlərdə həyata keçirilən işlər rayonun tarixi ənənələrinə əsaslanaraq planlaşdırılıb. Yaxın gələcəkdə burada ekoloji cəhətdən təmiz və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub. Həmin sərəncama əsasən, 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu gün Laçında genişmiqyaslı quruculuq və bərpa işləri yüksək zövq və keyfiyyətlə davam etdirilir. Rayonda həyata keçirilən layihələr və tikinti işləri artıq laçınlıların doğma şəhərlərinə qayıdışını mümkün edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə mərhələli şəkildə qayıdışına start verilib. 31 ildən sonra laçınlılar öz doğma yurdlarına qayıdıblar və burada daimi yaşayışa başlayıblar. 

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

2Sources