EN

Azərbaycan süni intellektin inkişafında fəal iştirak edir

“Bu gün dünyada əsas hədəf süni intellektin inkişafıdır".

AzEdu.az xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bu gün keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

“Burada bütün dünyada gedən proseslər izlənilir və proqramla tanış olduqda görmək olur ki, təqdim olunan mövzuların böyük əksəriyyəti müasir yüksək texnologiyalarla bağlıdır. Bu da təbiidir, çünki ölkəmizdə bu sahədə inkişafı təmin etmək məqsədilə qəbul olunmuş konsepsiyalar və strateji sənədlər mövcuddur. Qeyd edilən yanaşmalar isə hər bir ölkədə yoxdur”.

Qeyd edib ki, artıq qəbul olunmuş inkişaf strategiyaları göstərir: Azərbaycan bu istiqamətdə davamlı addımlar atır və müxtəlif sahələr üzrə müasir informasiya təminatını həyata keçirməyə çalışır. Bu proses süni intellekt və yeni texnologiyaların inkişafı ilə sıx bağlıdır.

Onun sözlərinə görə, bu gün dünyada əsas hədəf süni intellektin inkişafıdır:

“Süni intellekt artıq cəmiyyətlərin təhlükəsizliyi, idarəetmə prosesləri və elmi-texniki tərəqqidə tətbiq olunaraq yeni imkanlar açır. Bu, fenomenal inkişaf hesab olunur. Şübhəsiz ki, bu proseslər həm cəmiyyətlərin təhlükəsizliyində, həm də yeni imkanların yaradılmasında mühüm rol oynayır”.

Vurğulayıb ki, Azərbaycanın bu sahədə fəal şəkildə iştirak etməsi və yeni elmi nailiyyətlərə imza atması ölkəmizin beynəlxalq elm məkanındakı mövqeyini daha da gücləndirir.

Chosen
18
azedu.az

1Sources