EN

Məhərrəmlik bitdi, toylar başladı — qiymətlərdəki fərq...

Avqustun 23-də Hicri-Qəməri tarixi ilə Səfər ayı bitdi. Bununla da Məhərrəmlik əyyamı başa çatdı. Bu isə toylara davam deməkdir. Bəs ötən iki ayda menyu qiymətlərində ciddi dəyişikliklər varmı? Varsa, hansı məhsullardadır? 

Qeyd edək ki, əvvəlki illərdə bu dövrdə şadlıq evləri yenidən fəaliyyətə başlayır, sifarişlər artır, menyular yenilənir. Lakin hazırkı vəziyyət bir qədər fərqlidir. Toy mövsümünün açılmasına baxmayaraq, şadlıq evləri hələlik əvvəlki illərdəki canlanmanı müşahidə etmədiklərini deyirlər. Bu iki ay ərzində menyu qiymətlərində nəzərəçarpacaq dəyişiklik baş verməsə də, sifarişlərin sayında ciddi azalma var.

 “Ay işığı” şadlıq sarayının direktor müavini Daşqın Həsənov “Yeni Müsavat”a verdiyi açıqlamasında deyib ki, son iki ayda menyu qiymətləri sabit qalıb: “Hazırda sarayda orta hesabla bir nəfərlik menyu 70 manata başa gəlir. Məhərrəm ayında demək olar ki, bütün fəaliyyət dayanıb və zərərə işləmişik. Kompleksin gündəlik saxlanması üçün xərclər davam edir. İşçilərin maaşı ödənilir, kommunal xidmətlər yerinə yetirilir. Amma tədbir keçirilmədiyi üçün gəlir yoxdur”. 

Həsənov bildirib ki, ət məhsullarının qiymətində artım var, bu da ümumi maya dəyərinə təsir edir. Lakin menyuda qiymət artımına getmək istəmirlər, çünki bu halda sifarişlər daha da azalacaq. Hazırda mövcud vəziyyətdə şadlıq evi fəaliyyətini dayandırmadan, minimum gəlirlə işləməyə üstünlük verir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə sifarişlərdə 60 faizə yaxın azalma müşahidə olunur. Məhərrəm ayı başa çatsa da, bu vaxta qədər hələ bir dənə də olsun toy sifarişi daxil olmayıb.

“Xəmsə” şadlıq sarayında da vəziyyət oxşardır. Administrator Telman İsmayılov bizimlə söhbətdə bildirib ki, menyuda qiymətlər dəyişməyib, orta hesabla bir nəfərlik yemək 50 manat təşkil edir. Bəzi məhsullarda, xüsusilə ət və yağ kimi əsas ərzaqlarda qiymət artımı olsa da, menyu qiymətlərində dəyişiklik edilməyib: “Toy sifarişləri isə demək olar ki, yoxdur. Əvvəlki illərlə müqayisədə ciddi fərq var”.  Onun fikrincə, hazırda insanlar iqtisadi çətinliklərlə üzləşirlər, ona görə də toy etmək fikrindən yayınırlar: “Gənclər evlənmək istəmir, daha doğrusu, evlənmək üçün maddi imkan tapmırlar”. 

Hazırda şadlıq sektorunda maraqlı bir vəziyyət yaşanır. Bir tərəfdən qiymət artımı ilə bağlı təzyiqlər var, digər tərəfdən isə bu artımı tətbiq etmək mümkün deyil, çünki alıcılıq qabiliyyəti aşağıdır və sifarişlər onsuz da azdır. Belə şəraitdə şadlıq evləri qiymətləri sabit saxlamaqla müştərini itirməməyə çalışırlar. Amma bu strategiyanın nə qədər davam edə biləcəyi bəlli deyil.

Maraqlıdır ki, hər il Məhərrəmlikdən sonra toy sifarişlərində artım müşahidə olunurdu, bu il isə bu artım nəzərə çarpmır. Ekspertlər bunu bir neçə faktorla izah edirlər. Onların fikrincə, gənclərin ailə qurmaq istəyi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Evlilik yaşı yüksəlib, ailə qurmaq üçün tələb olunan minimum vəsait isə getdikcə artır. Orta statistik toyun keçirilməsi üçün lazım olan büdcə 10-15 min manat arasında dəyişir. Bu məbləğ bir çox gənc ailənin maddi imkanlarını aşır. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarının, xüsusilə ətin bahalaşması şadlıq evlərini çətin vəziyyətə salıb. Qida məhsullarında inflyasiya davam edir və bu prosesdən ən çox zərər görən sahələrdən biri məhz kütləvi tədbirlərlə məşğul olan sektordur.

Qeyd edilir ki, bu gedişlə şadlıq evləri fəaliyyətlərini qismən dondura və ya xidmət sahələrini daralda bilər. Bəziləri isə çıxış yolu kimi daha sadə və minimal menyulara keçid etməyi təklif edirlər. Toyların sadələşdirilməsi, daha az sayda qonaqla keçirilməsi və yeməkdən çox məkan və atmosferə üstünlük verilməsi gələcəkdə bu sahədəki vəziyyəti sabitləşdirə bilər.

Chosen
12
3
demokrat.az

4Sources