EN

Bu gün Laçın şəhəri günüdür

Oxuməni.az xəbər verir ki, bu gün Azərbaycanda Laçın şəhəri günü qeyd olunur.

Azərbaycanın ən səfalı guşələrindən biri olan Laçın şəhərinin işğaldan azad edilməsindən 3 il ötür.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyi üçün şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində qalıb.

2022-ci il avqustun 26-da Azərbaycan alternativ yolu açdıqdan sonra Azərbaycan qoşunları Laçın şəhərinə daxil olub, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb. Şəhərdə Azərbaycan bayrağı qaldırıldı.

2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına şad xəbəri çatdırıb:

"Bu gün, avqustun 26-da biz azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Azərbaycan ordusu Laçın şəhərində yerləşdirilib. Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

Böyük strateji əhəmiyyətə malik olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, işğal nəticəsində rayon əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbçi və mülki şəxs həlak olub və itkin düşüb.

217 mədəniyyət müəssisəsi, 101 təhsil müəssisəsi, 142 səhiyyə müəssisəsi, 462 ticarət müəssisəsi, 30 rabitə qovşağı, 133 idarə və müəssisə, beş musiqi məktəbi, bir internat məktəbi, bir orta ixtisas məktəbi, iki müxtəlif təyinatlı avtomobil nəqliyyatı və istehsalat müəssisəsi talan edilərək dağıdılıb, 54 yerli tarixi abidə və dağıdılıb. vandallaşdırılıb.

Dağlar arasında, təbiətin səfalı guşəsində yerləşən daha bir gözəl şəhər işğaldan azad edilib, hazırda fəal şəkildə bərpa olunur, keçmiş məcburi köçkünlər ora qayıdırlar.

Doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin işıqlı xatirəsi qarşısında baş əyərək, Böyük Qələbə qazanan qəhrəman əsgərlərimizə sonsuz minnətdarlıq hissi ilə bu gün Azərbaycan xalqı Laçın şəhəri gününü qeyd edir.

Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü kimi müəyyən edilir.

Şəhər günləri bayram ab-havasında keçirilir.

Oxuməni.az

Chosen
16
oxumeni.az

1Sources