EN

Avropa Mərkəzi Bankının sədri: Avrozona iqtisadiyyatında artımın yarısı məhz miqrantların hesabına baş verib  

Avropa İttifaqında (Aİ) immiqrasiya mövzusu siyasi baxımdan bir çox ölkədə mübahisələrə səbəb olsa da, Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bu məsələyə fərqli yanaşır. O, immiqrasiyanı Avropa iqtisadiyyatı üçün bir fürsət hesab edir.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Cekson-Hul şəhərində keçirilən mərkəzi bank rəhbərlərinin illik toplantısında çıxış edən Laqard dəqiq statistikalarla immiqrasiyanın faydalarını vurğulayıb.

İmmiqrasiya olmasaydı iqtisadiyyat daha çox əziyyət çəkərdi deyən Laqard bildirib ki, 2020-ci ildən bəri Avropa COVID-19 pandemiyası, Ukrayna müharibəsi, enerji qiymətlərinin kəskin artması və rekord səviyyədə inflyasiya kimi bir çox ciddi böhranlarla üzləşib.

“Bu çətinliklər fonunda xarici işçilər Avrozonanın iqtisadi dayanıqlığında mühüm rol oynayıblar. 2022-ci ildə xarici işçilər əmək bazarının cəmi 9 faizini təşkil etsələr də son üç ildə Avropa iqtisadiyyatında artımın yarısı məhz onların hesabına baş verib. Avrozonada məşğulluq səviyyəsi son dörd ildə 4 faizdən çox artıb ki, bu da miqrant işçilərin əmək bazarına daxil olması sayəsində mümkün olub”, – deyə Kristin Laqard bildirib.

Laqard qeyd edib ki, əgər bu işçi qüvvəsi olmasaydı, əmək bazarında daha çox gərginlik olar və ümumi istehsal gücü zəifləyərdi. Bu baxımdan, immiqrasiya Aİ iqtisadiyyatı üçün stabilizasiya amili rolunu oynayıb.

Gələcəyə baxışında Laqard xəbərdarlıq edib ki, əgər Avropa immiqrasiyanı dəstəkləməsə və lazımi səviyyədə işçi qüvvə axınını təmin etməsə, 2040-cı ilə qədər 3 milyondan çox əmək qabiliyyətli insan itirilə bilər: “Əgər bu tendensiya davam etsə, əmək bazarındakı boşluqları doldurmaq mümkün olmayacaq və iqtisadi artım ciddi şəkildə yavaşlayacaq”.

Laqardın bu çıxışı Avropada sağçı və ifrat sağ partiyaların yüksəlişi fonunda daha da əhəmiyyətli hesab edilir. Bir çox Aİ ölkəsi immiqrasiya əleyhinə sərtləşdirilmiş siyasət yürütməyə başlayıb. Lakin Laqard bildirib ki, iqtisadi reallıqlar bu yanaşmaya ziddir və uzunmüddətli rifah üçün miqrasiya siyasəti daha açıq və rasional olmalıdır.

Kristin Laqardın fikirləri Avropa İttifaqında miqrasiya ilə bağlı dəyişən və qütbləşmiş baxışları balanslaşdırmaq məqsədi daşıyır. O, rəqəmlərlə sübut edir ki, miqrant işçilər təkcə iqtisadiyyata yük deyil, həm də onun əsas dayaq sütunlarından biridir. Onun sözləri, Aİ rəhbərlərinin gələcək siyasətlərində nəzərə alınacaq mühüm mesajdır.

Chosen
17
2
azerbaijan-news.az

3Sources