Almaniyanın zirehli texnika istehsalçısı “Flensburger Fahrzeugbau Gesellschaft” (FFG) şirkəti Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək DSEI-2025 silah sərgisində ilk dəfə olaraq yeni “Condor” tank konseptini ictimaiyyətə təqdim edəcək.
“Poliqon” “Hartpunkt” nəşrinə istinadən xəbər verir ki, bu konsept həm atəş dəstək, həm də zenit-artilleriya tankı rolunu bir sistemdə birləşdirir.
“Condor”, modernləşdirilmiş “Leopard 1” şassisinin bazasında hazırlanıb və Slovakiyanın EVPÚ şirkəti tərəfindən istehsal olunan “Turra 30” tipli yeni, uzaqdan idarə olunan 30 mm-lik top qülləsi ilə təchiz edilib. Bu qüllə həmçinin hava hədəflərinə qarşı mübarizə aparmaq imkanına da malikdir.
FFG-nin bildirdiyinə görə, “Condor”, müasir döyüş meydanında yaranan ən yeni təhdidlərə cavab vermək üçün hazırlanıb. Layihənin məqsədi müasir silah texnologiyasını döyüşdə sınaqdan çıxmış komponentlərlə birləşdirərək effektiv, çevik və etibarlı silah sistemi yaratmaq olub. Bu məqsədlə “Condor” təkmilləşdirilmiş “Leopard 1” tank şassisi, yeni 30 mm-lik topa malik yüksək texnologiyalı qüllə və gücləndirilmiş müdafiə ilə təchiz edilib.
Tank bütün hava şəraitində və hərəkətdə olarkən atəş aça bilir. Topun proqramlaşdırıla bilən “air burst” (mərminin və ya raketin hədəfin üzərində və ya müəyyən məsafədə havada partlaması) tipli mərmilərdən istifadə etməsi “Condor”u hava hücumundan müdafiə üçün də əlverişli edir. 30 mm-lik topun iki lentli sursat qidalanma sistemi sayəsində eyni vaxtda iki fərqli sursat qüllədə saxlanıla bilir və ekipaj istəyə uyğun olaraq bir neçəsi arasında saniyələr ərzində keçid edə bilir. Bu da “Condor”a həm yerüstü, həm də hava hədəflərinə qarşı uğurlu mübarizə aparmaq imkanı verir və onun rolunu tez bir zamanda “zenit-artilleriya tankı”ndan “atəş dəstək tankı”na dəyişməsinə şərait yaradır.
Bundan əlavə, “Condor” müasir situasiya məlumatlılığı və hədəf aşkarlama sistemi ilə təchiz edilib ki, bu da effektivliyi və döyüş meydanında sağ qalma qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Platforma gələcəkdə də yeni təhdidlərə uyğunlaşdırıla biləcək inkişaf potensialına malikdir. “Leopard 1” bazasında hazırlandığına görə, şassi üçün ehtiyat hissələri dünya bazarında geniş şəkildə əlçatandır.
FFG-nin məlumatına əsasən, 7.18 metr uzunluğa, 3.41 metr enə və 3.05 metr hündürlüyə malik “Condor”un döyüş çəkisi 40 tondan azdır. Onun gövdəsi müasir döyüş meydanı üçün əlavə yan və dam zirehi ilə gücləndirilib. Tank rəqəmsal bort şəbəkəsi və yeni ekipaj oturacaq konsepsiyası ilə təchiz olunub (burada komandir (sol tərəfdə), sürücü isə (sağ tərəfdə) yanaşı oturur).
“Turra 30” uzaqdan idarə olunan top qülləsinə müxtəlif 30 mm-lik topların, o cümlədən “Bushmaster Mk44”ün inteqrasiyası mümkündür. İkinci silaha koaksial pulemyot ilə “Spike” və ya “Konkurs” tipli tank əleyhinə idarə olunan raketlər daxildir. Qüllə güclü elektro-optik sistemlər, stabilizasiya, çoxməqsədli radar, eləcə də tank əleyhinə silah atəşi detektoru və snayper/atıcı atəşi aşkarlama sistemi ilə təchiz olunub. Silahların hündürlüyü -10°-dən +70°-yə qədər dəyişə bilir.
FFG şirkəti mobililiyi müasir sistem müdafiəsinin əsas amili hesab edir. Buna görə “Condor”, “Leopard 1”in köhnə mühərrikindən daha güclü, daha qənaətli və yüngül olan yeni güc qurğusu ilə təchiz edilib.
Şirkət artıq “Wisent 1” üçün “Leopard 1” bazasında ikidövrəli əyləc sistemi hazırlamışdı. Bu sistem “Condor”da da tətbiq olunub və beləliklə, tanklar müasir yol hərəkəti qaydalarına uyğun olaraq istənilən şəraitdə qeydiyyata alınaraq istismar oluna bilir. Çünki yeni istehsal olunan maşınlarda normal əyləc sistemi ilə park əyləcinin ayrılması mütləqdir. “Leopard 1” gövdəsində məhdud boşluq olduğuna görə bu texniki həllin tətbiqi FFG üçün ciddi çətinlik yaratmışdı. “Condor”un yeni güc aqreqatı FFG tərəfindən xüsusi olaraq bu tank üçün inteqrasiya olunub, lakin “Leopard 1” ailəsinin digər versiyalarına da quraşdırıla bilər.
Yeni sistem “Rolls-Royce Power Systems” şirkətinə məxsus 8V199TE23 tipli 8 silindrli dizel mühərrikindən ibarətdir. Bu mühərrik 1080 at gücünə malikdir, modifikasiya olunmuş ZF 4 HP 250 avtomatik transmissiyası və FFG tərəfindən hazırlanmış ikidövrəli soyutma sistemi ilə birlikdə quraşdırılıb. Eyni zamanda, əvvəlki mühərrikdən təqribən 300 kq yüngüldür.
FFG-yə görə, bu yeni güc aqreqatı tankın imkanlarını əhəmiyyətli dərəcədə artıraraq, ona daha yaxşı güc-çəki nisbəti, daha az yanacaq sərfiyyatı, daha uzun xidmət müddəti təmin edir və üstəlik orijinal aqreqatın birbaşa “Plug-and-Play” əvəzedicisi kimi istifadə edilə bilər. Bu modernləşmə sayəsində döyüşlərdə özünü doğrultmuş “Leopard 1” şassisi gələcək onilliklərdə də iqtisadi və etibarlı şəkildə istismar oluna biləcək.