EN

Hava nəqliyyatı ilə yük daşımalarından əldə edilən gəlir 13%-dən çox azalıb

BAKI, 26 avqust. TELEQRAF

2025-ci ilin yanvar–iyun aylarında hava nəqliyyatı ilə yük daşımalarından 1 milyard 108 milyon 646 min manat gəlir əldə olunub. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,9% az olub.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə ümumilikdə 187,6 min ton yük daşınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən 10,5% azdır. Yüklərin 185,5 min tonu beynəlxalq, 2,1 min tonu isə daxili daşımaların payına düşüb.

Yük dövriyyəsi 1 milyard 534,1 milyon ton-km təşkil edib, ötən ilin göstəricisinə görə 11,9% azalıb.

Sərnişin daşımalarında isə artım müşahidə olunub. Belə ki, 2025-ci ilin ilk altı ayında hava nəqliyyatı ilə 1 milyon 861,1 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çoxdur. Sərnişin dövriyyəsi 5,5% artaraq 3 milyard 747,3 milyon sərnişin-km-ə çatıb.

Sərnişin daşımalarından əldə olunan gəlir isə 869,4 milyon manat təşkil edib və bu, illik müqayisədə 3,4% azdır.

Qeyd edək ki, poçt daşımalarında da ciddi artım qeydə alınıb. Hesabat dövründə hava nəqliyyatı ilə 603,3 ton poçt daşınıb, bu da ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.

Chosen
10
teleqraf.com

1Sources