EN

Yanvar-iyul aylarında xarici bazarlara 313 milyon dollar dəyərində meyvə ixrac olunub

Azərbaycanda bağçılığa dövlət dəstəyinin artırılması, müasir standartlara uyğun intensiv bağların salınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsal və ixracının artmasına müsbət təsir edir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2020-2024-cü illərdə Aqrar Subsidiya Şurası tərəfindən meyvə bağlarının salınmasına ümumilikdə 171,3 milyon manat əkin subsidiyası ayrılıb. Sözügedən dövrdə Azərbaycandan xarici bazarlara təxminən 2,22 milyard manat dəyərində meyvə ixrac edilib. 2020-2024-cü illərdə meyvə ixracının dəyəri bu sahənin dəstəklənməsi üçün ayrılan subsidiyaların həcmindən 13 dəfə çoxdur. Müasir intensiv meyvə bağları 2-ci ildən bara düşməyə başlayır, 3-4-cü illərdə artıq həmin bağlardan ciddi miqdarda məhsul yığılaraq daxili və xarici bazarlarda realizə edilir. Yəni 2020-ci ildə salınmış meyvə bağlarından artıq 2022-ci ildən ciddi həcmdə məhsul yığılmağa başlayır. Bu səbəbdən ayrılan subsidiyaların həcminin meyvə ixracının artımı şəklində geri dönüşü təxminən 2-3 ildən sonra özünü göstərir.

2020-ci ildə intensiv meyvə bağlarının salınmasına dövlət tərəfindən 30 milyon manata yaxın subsidiya ayrılıb, iki il sonra 2022-ci ildə ölkəmizdən meyvə ixracının həcmi əvvəlki illə müqayisədə 38,7 milyon manat (+8,7 milyon manat) artıb. Eyni qaydada 2021-ci ildə intensiv bağlara 33,8 milyon manat subsidiya verilib, 2023-cü ildə isə meyvə ixracında 65 milyon manata yaxın (+31 milyon manat) artım qeydə alınıb. Yəni intensiv meyvə bağlarının subsidiyalaşdırılması nəticəsində meyvə ixracı dəfələrlə artır və bağların salınmasına ayrılan dövlət vəsaiti bağlar bara düşdükdən sonra dəfələrlə artıq miqdarda geri dönür.

Son beş il ərzində intensiv meyvəçiliyin inkişafına ayrılan subsidiyaların miqdarı 28%, meyvə ixracı isə 41% artıb.

İntensiv meyvə bağlarının salınmasına dəstəyin gücləndirilməsinin meyvə ixracatının artımına müsbət təsiri tendensiyası 2025-ci ildə də davam edib. Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici bazarlara qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib. Bu ilin yanvar-iyul ayları ərzində xarici bazarlara təxminən 313 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu dövrdə meyvə ixracının dəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılan məbləğdən 7,2 dəfə çoxdur. Bu rəqəmlər ayrılan subsidiyaların məbləğinin geri dönüş səviyyəsinin kifayət qədər yüksək olduğunu göstərir.

Chosen
11
5
vergiler.az

10Sources