EN

Mehriban Əliyeva – Azərbaycan dövlətçiliyinin humanist siması


Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, ölkəmizin ictimai-siyasi, mədəni və humanitar həyatında müstəsna xidmətləri ilə seçilir. Onun fəaliyyətində humanizm, milli dəyərlərə sadiqlik və müasir çağırışlara adekvat yanaşma prinsipləri xüsusi yer tutur.

2017-ci ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi fəaliyyət göstərən Mehriban Əliyeva dövlət idarəçiliyində sosial yönümlü siyasətin dərinləşdirilməsinə, insan amilinin prioritetləşdirilməsinə mühüm töhfələr vermişdir. Onun təşəbbüsləri nəticəsində təhsil, səhiyyə, sosial rifah, mədəniyyət və gənclərin inkişafı sahələrində fundamental layihələr reallaşdırılmışdır.
Mehriban Əliyevanın fəaliyyətində diplomatiya və beynəlxalq əlaqələrin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. O, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə, Azərbaycanın sülhsevər və tolerant dövlət imicinin dünyada təbliğinə ardıcıl töhfələr vermişdir.
Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın ən böyük sosial-humanitar platformasına çevrilmişdir. Fondun həyata keçirdiyi proqramlar bir tərəfdən təhsil və səhiyyə sahəsində infrastrukturun inkişafına, digər tərəfdən isə milli-mənəvi irsin qorunmasına xidmət edir. Məktəblərin, xəstəxanaların, uşaq bağçalarının inşası və bərpası, tarixi abidələrin yenidən qurulması, Qarabağ mədəniyyətinin dirçəldilməsi bu fəaliyyətin real nümunələrindəndir.
Mehriban Əliyeva Azərbaycanın milli maraqlarının müdafiəsində də ardıcıl mövqe sərgiləyir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası, dağıdılmış abidələrin yenidən qurulması istiqamətində aparılan işlər onun xüsusi diqqət mərkəzindədir. Beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq, mədəni diplomatiya vasitəsilə Qarabağın həqiqi simasının dünyaya çatdırılması Azərbaycanın informasiya mübarizəsində mühüm üstünlüklər qazandırır.
Azərbaycanın multikulturalizm modeli Mehriban Əliyevanın beynəlxalq fəaliyyətində geniş şəkildə təbliğ olunur. O, dinlərarası dialoqun təşviqinə, müxtəlif xalqların mədəniyyətlərarası əməkdaşlığına böyük önəm verir. UNESCO və ISESCO çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın dünya sivilizasiyasına töhfə verən ölkə olduğunu bir daha nümayiş etdirir.
Mehriban Əliyevanın fəaliyyəti sosial rifahın yüksəldilməsinə yönəlmiş ardıcıl proqramlarla müşayiət olunur. O, həssas əhali qruplarının sosial müdafiəsinə, uşaq və qadınların hüquqlarının qorunmasına, gənclərin potensialının inkişafına xüsusi önəm verir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr sosial dövlət modelinin möhkəmlənməsinə real töhfə kimi qiymətləndirilir.
Mehriban Əliyeva bu gün Azərbaycan dövlətçiliyinin humanist və intellektual simasını təcəssüm etdirən unikal siyasi fiqurdur. Onun fəaliyyəti həm daxildə cəmiyyətin sosial-siyasi inkişafını təmin edir, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırır. Mehriban Əliyevanın rəhbərlik etdiyi layihələr, humanitar missiyalar və diplomatik təşəbbüslər ölkəmizin gələcək inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Onun doğum günü yalnız bir dövlət xadiminin dünyaya göz açdığı gün deyil, bu, həm də Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna xidmətləri ilə yadda qalan bir fəaliyyət yolunun bayramıdır.

Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri, yazıçı- publisist.

Chosen
11
baki-xeber.com

1Sources