EN

“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı şok ittihamlar Naxçıvanda və Şəmkirdə dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri / FOTOLAR

Naxçıvan şəhər sakini Qasımov Hilal Zülal oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Sahibkar olduğunu bildirən şikayətçi rəsmi qurumların yarıtmaz fəaliyyətinə etiraz edir:

“Mən, Qasımov Hilal Zülal oğlu, yazaraq sizdən xahiş edirəm ki, başıma açılan bu haqszılığı işıqlandırasınız.

Bildirim ki, sahibkaram, Naxçıvan şəhərində “Kassap” dönər obyektini işlədirəm. Dönərxanamdan dönər alıb yeyən 7 nəfər zəhərləndi. Səlahiyyətli qurumlar gəlib obyekti bağladı, 1 həftə sonra işimizə davam etdik. 5 gün işlədikdən sonra yenidən obyektdən dönər alan 17 nəfərin zəhərlənməsi xəbərini eşitdik.

Məsələ artıq ciddi şəkildə bizi narahat edirdi. Aldığımız şirkətin ətindən analiz üçün laboratoriyaya göndərdik. Bu zaman məlum oldu ki, ətdə “ecoli” bakteriyası aşkarlanıb. Aldığımız dönər üçün ət məhsulu “Cahan Holdinq"in təşkilatçılığı ilə Bakı şəhərindən gətirlir və məhsullar “Saf Ət" MMC-yə məxsusdur. Maraqlısı budur ki, tək bizə yox, Azərbaycanın bir çox yerlərinə ət satan şirkət - “Saf Ət" MMC günahını boynuna almaq istəmir. Hər iki şirkət bu məsuliyyətdən yayınır.

Bizə külli miqdarda ziyan dəyib, çox sayda müştərimizi itirmişik. Bu, bizim yox, “Saf Ət MMC”-nin və “Cahan” Holdinq"in səhvidir. Lakin rəsmi qurumlar buna göz yumur. Təəssüflə qeyd edirəm ki, zəhərlənən 17 nəfərin arasında hamilə qadın da var idi.

Əlbəttə, insanların həyatını heçə saymaq olmaz. Bakteriyalı əti satırlar, fikirləşmirlər ki, ölən olar? Yox, fikirləşmirlər. Çünki sizə ziyan dəymir. Ziyan hər zaman gücsüzə, arxasında "dayı"sı olmayana dəyir.

Qida Təhlükəsizliyi Agentliyi niyə bir tərəfi cərimələməkdə, günahlandırmaqda maraqlıdır? Əti aldığımız şirkət niyə məsuliyyətə cəlb olunmur? Yəni ölkədə bu qədər haqsızlıq baş alıb gedir.

Əti hardan aldığıma dair və analizin kağızlarını da sizə göndərirəm. Bu vasitə ilə bəlkə yatmış qurumlar oyana".

Onu da qeyd edək ki, Şəmkir rayonunda da dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb. Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda məsələ araşdırılır:

“Agentliyin “1003-Çağrı Mərkəzi”nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Chosen
6
3
hurriyyet.az

4Sources