EN

Məhərrəmlik bitdi, qızıl bahalaşdı -Ekspertdən SƏBƏB

Məhərrəmlik ayı boyunca bazarlarda müşahidə edilən durğunluq qızıla da təsir etmişdi. Alış-verişin azalması fonunda qiymətlərdə ucuzlaşma qeydə alınmışdı. Ənənəvi olaraq bu dövrdə insanlar daha çox dini mərasimlərə diqqət etdiyindən, qızıl alqı-satqısı zəif olur. Lakin Məhərrəmlik bitdikdən sonra tələbat yenidən artmağa başlayıb. Nəticədə qızılın qiymətində yüksəliş müşahidə olunur.

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən biznes eksperti İlkin Mirzəzadə bildirdi ki, məhərrəmlik ayında qızılın qiymətinin düşməsi 3 faktora əsaslanır:

"İlk növbədə, dünya bazarlarında qızılın qiymətinin 0,1–0,2% aralığında enməsi, ikinci olaraq alıcılıq qabiliyyətinin zəif olması, son olaraq isə yay mövsümünün təsiri ilə qiymətlərdə azalma müşahidə olunurdu. Azərbaycanda qızıl əsasən əmtəə xarakterli, yəni birbaşa investisiya məqsədilə deyil, dolayı olaraq toy-nişan mərasimləri üçün alınır. Məhərrəmlik dövründə qızıl alışlarının azalması, həmçinin yay aylarının təsiri nəticəsində alıcılıq gücü aşağı düşür. Buna görə də qızıl bazarında qiymətlər nisbətən enir. Lakin payız mövsümündə vəziyyət dəyişir: həm Məhərrəmlik ayı başa çatır, həm də toy-nişan mərasimləri başlayır. Bu səbəbdən tələbat artır və qiymətlərin qalxması tamamilə təbiidir. Təbii ki, bazarda süni artım da mümkündür. Çünki hər hansı satıcı müəyyən qiymət qoyduqda, digərləri də həmin səviyyəni saxlayır. Əks halda, ucuz satıcı keyfiyyətsiz təəssüratı yarada bilər. Müştəri isə kəskin ucuzluq görəndə şübhələnir və “pis qızıl” almaq istəmir".

Nuriyyə NATİQQIZI

Chosen
6
1
redaktor.az

2Sources