Avstraliya ilə İran arasında diplomatik gərginlik yaranıb. Avstraliyanın baş naziri Entoni Albanese İranın Kanberradakı səfirinin ölkədən çıxarılacağını açıqlayıb.
Baş nazir Avstraliya Kəşfiyyat Təşkilatının (ASIO) 2024-cü ilin dekabrında Melburndakı Addas İsrail sinaqoquna və 2024-cü ilin oktyabrında Sidneydəki bir yəhudi restoranına edilən hücumların arxasında İranın olduğunu göstərən "etibarlı kəşfiyyat" əldə etdiyini açıqlayıb.
Hücumların "ictimai asayişi pozmaq və cəmiyyətdə parçalanma salmaq cəhdləri" olduğunu qeyd edən Albanese, bunların Avstraliya torpağında bir xarici ölkə tərəfindən həyata keçirilən fövqəladə və təhlükəli təcavüz aktları olduğunu deyib.
Albanese bu hücumların "qəbuledilməz" olduğunu və buna görə də İranın Kanberradakı səfiri Əhməd Sadeqi deportasiya etmək qərarına gəldiklərini bildirib. O, bu barədə İran səfirinə deportasiya ediləcəyi barədə məlumat verildiyini də deyib.
Albanese həmçinin qeyd edib ki, Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb və bütün diplomatlarını üçüncü ölkəyə köçürüb. Onun sözlərinə görə, Avstraliya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq üçün hüquqi prosedurlara başlayacaq.
Avstraliyanın xarici işlər naziri Penni Vonq isə İran səfiri Əhməd Sadeqi və digər üç iranlı diplomata “persona non-qrata” elan edildiyini və ölkəni tərk etmək üçün 7 gün vaxt verildiyini bildirib. Vonq Avstraliya hökumətinin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə xarici səfiri ölkədən çıxarmağa qərar verdiyini də vurğulayıb.
Vonq ölkəsinin Tehrandakı səfirini geri çağırdığını, lakin buna baxmayaraq, İranla bəzi diplomatik kanalları açıq saxlayacaqlarını da bildirib. O, Avstraliya vətəndaşlarını İrana səyahət etməməyə çağırıb.
TAHİR