AZ

Avstraliya İranın səfirini ölkədən çıxarır

Avstraliyanın Baş naziri Entoni Albanese, İranın Kanberradakı səfiri Əhməd Sadiqinin “arzuolunmaz şəxs” elan olunduğunu və ölkədən çıxarılmasına qərar verildiyini açıqlayıb.

"Cebheinfo.az" “ABC News Australia”-ya istinadən xəbər verir ki, Albanese Avstraliya Milli Təhlükəsizlik Agentliyinin (ASIO) ötən il Melburndakı sinaqoqa və Sidney şəhərindəki Levis Continental Kitchen restoranına edilən hücumların arxasında İran hökumətinin olduğuna dair “etibarlı kəşfiyyat məlumatı” əldə etdiyini bildirib.

Baş nazir bu hücumların “ictimai həmrəyliyi zəiflətmək və cəmiyyətdə parçalanma yaratmaq cəhdi” olduğunu xatırladaraq deyib:

“Bunlar xarici bir ölkə tərəfindən Avstraliya azisində həyata keçirilmiş qeyri-adi və təhlükəli hücum aktları idi”.

O bildirib ki, İranın Kanberradakı səfiri Əhməd Sadiqi Avstraliya hökuməti tərəfindən “arzuolunmaz şəxs” elan olunub və daha 3 diplomatla birlikdə ölkədən çıxarılacaq.

Onun sözlərinə görə, bu hücumlar “qəbuledilməzdir” və məhz buna görə İran səfirinin çıxarılması qərara alınıb:

“Bir müddət əvvəl İranın Avstraliyadakı səfirinə ölkədən çıxarılacağı barədə bildiriş göndərdik”.

O, həmçinin Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdığını, bütün diplomatların isə üçüncü ölkəyə köçürüldüyünü bildirib.

Albanese əlavə edib ki, hökumət İran İnqilab Keşikçiləri Qvardiyasının (IRGC) terror təşkilatı kimi tanınması üçün hüquqi prosesə başlayacaq.

Avstraliyanın xarici işlər naziri Penni Vonq da İranın Kanberradakı səfiri Əhməd Sadiqi və daha üç iranlı diplomatın “arzuolunmaz şəxs” elan olunduğunu və ölkəni tərk etmələri üçün onlara 7 gün vaxt verildiyini açıqlayıb.

Nazir vurğulayıb ki, Avstraliya hökuməti İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq xarici bir səfiri ölkədən çıxarmaq qərarı verib:

“Bu qərarı qəbul etdik, çünki İranın hərəkətləri tamamilə qəbuledilməzdir”.

Vonq qeyd edib ki, ölkəsi Tehrandakı səfirini də geri çağırıb, lakin İranla bəzi diplomatik kanalların açıq qalacağını bildirib.

O, həmçinin Avstraliya vətəndaşlarına İranda olmamağı tövsiyə edib. ASIO-nun (Australian Security Intelligence Organisation) direktoru Mayk Bercess Mayk Bercess isə hücumların İran tərəfindən tutulmuş şəxslər tərəfindən həyata keçirildiyini bildirib. 

O, Avstraliyada fəaliyyət göstərən digər İranlı diplomatların bu hücumlarda iştirak etmədiyini, lakin İran hökumətinin qarışmış ola biləcəyi digər hadisələrin araşdırılacağını əlavə edib.

Seçilən
53
20
cebheinfo.az

10Mənbələr