EN

Kəpəz ə bir tuş

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hələ ötən mövsümün ortalarında iddialı komanda üzünə həsrət qalan gəncəli azarkeşlərin ürəyinə ümid toxumu səpilmişdi. "Kəpəz"in yeni sponsoruna qovuşacağı şübhəsiz, sıradan xəbər deyildi. Sarı-göy rənglərə könül vermiş tərəfdarlar öz yerində, futbol ictimaiyyəti də nəhayət ki, tunelin sonunda görünən işığın ölkə futboluna canlanma gətirəcəyinə inanmışdı. Hə, bu ilin yanvarından komanda üzvləri uğurlu nəticələrdən sonra mükafat alır, vədlərin böyüklüyü gələcəklə bağlı xəyyallar quranları həvəsləndirirdi. Hətta mövsümün son matçının ardından baş məşqçi Azər Bağırovun postunu tərk etməsi də bəzilərinin fikrincə daha yaxşısına nail olmaq yolunda atılmış effektli addım idi. O Azər Bağırovun ki, stadionun təmirə bağlanması ilə əlaqədar doğma şəhərindən didərgin düşərək əzəli rəqibi "Turan Tovuz"un stadionuna sığınan komanda ilə həqiqətən ciddi işlər görməyi bacarmışdı. Hamının bildiyi həqiqətdir, sözügedən mütəxəssis mövsümün gedişində maliyyə baxımından "Kəpəz"dən beş baş üstün komandaları da sınıq-salxaq heyətlə yenmiş, Nizami yurdunun təmsilçisini elitada saxlamışdı... Məntiqlə, Bağırovun gedişinin ardından transfer bombaları partlamalı, erkən bir araya gələn kollektiv nəticə verəcəyi şübhə doğurmayan hansısa yeni çalışdırıcının rəhbərliyi altında yay hazırlığını Avstriyada və ya Polşada keçirməli idi, amma...

Nadirini saxlasalar da...

Adil Vəliyev klubun İdarə Heyətinin sədri postunu tutandan sonra əvvəlki rəhbərin - İlqar Nadirinin əsas söz sahibi missiyasının başa çatacağı öncədən bəlli idi. Düzdür, İlqar bəyin klubdan uzaqlaşdırılacağını da proqnozlaşdıranlar az deyildi, lakin görünən budur ki, camiənin yeni başqanı indilik onun səlahiyyətlərini məhdudlaşdırmaqla kifayətlənməyi üstün tutub. Köhnə rəhbər hazırda "Kəpəz"in əməliyyatlar üzrə direktorudur. Bu isə o deməkdir ki, bu klub yaxın gələcəkdə də xaosdan, daxili çəkişmələrdən qurtula bilməyəcək. Şübhəsiz, klub və komanda anlayışları fərqlidir. Bununla belə, yaxşı idarə olunmayan klubun ortaya rəqabətədavamlı komanda çıxarmaq ehtimalı da yoxdur. İlk iki turun hərəsində 3 qol buraxaraq uduzan "Kəpəz" elə İdarə Heyətinin sədrinin və başda Fərman Əlizadə olmaqla, digər üzvlərinin gördüyü işlərin güzgüsüdür.

Güzgü reallığı göstərir

Vəziyyət o qədər acınacaqlıdır ki, Gəncə klubunda kimin kimə dost, kimin kimə düşmən olduğunu vəzifə sahiblərinin özləri də bilmirlər. İdman direktoru postunun futbol agenti kimi tanınan Erkin İbrahimova həvalə edilməsinin ardından transfer məsələlərinə onun cavabdehlik daşıyacağı güman edilirdi. Fəqət hələ mövsüm başlamamış İbrahimovla digər səlahiyyətli şəxslərin yola getmədikləri bəlli oldu. Yəni az keçməmiş Erkin bəyin klubdan ayrıldığı barədə xəbərlər yayıldı. Daha sonra Fərman Əlizadə mətbuata açıqlama verərək İbrahimovun getmədiyini açıqladı. Mövcud qıfılbənd üzərində baş sındırmaq, kələfin ucunun harada itdiyini müəyyənləşdirmək məcburiyyətində qalan mətbuat bir qədər sonra xəbər tutdu ki, İbrahimov idman direktoru olmaqdan imtina etsə də, İdarə Heyətində qalırmış... Çempionat başlamamış boy göstərən çəkişmələr fonunda normal transferlərin olmaması tam məntiqəuyğundur. Əlbəttə, hansısa sponsor tərəfindən müəyyən maliyyə ilə təmin edilən camiənin güzgüsü - əsas komandası bu dərəcədə bərbad görünməməli idi. Uzun müddət işsiz qalandan sonra Premyer Liqada baş məşqçi olmaq fürsəti yaxalayan və sevinə-sevinə işə başlayan Adil Şükürovu "baltalamağa" dəyməz. Adamın nə seleksiya səlahiyyəti var, nə də rəhbərlik qarşısında hansısa tələblə çıxış etmək istəyi. Belə desək, başını aşağı salıb çörəyini qazanmağa çalışır. "Kəpəz"də kim uzunmüddətli planlar cıza, 6 ay öncəni düşünə bilər ki? Biz qaynayan qazandan danışırıqsa, çox da dərinliyə getməyə dəyməz. Bunu ağzı əmzikli uşaq da bilir. 

Sponsor varsa...

Ümumiyyətlə "Kəpəz"in sponsoru varmı? Varsa, kluba nə qədər pul xərcləyir? Heç olmasa, 3-4 milyon olarmı? Buraya dövlətin AFFA vasitəsi ilə verdiyi 2,5 milyon manatı da əlavə etsək, 5-6 milyona qurulan komanda budur? Biz bu suallara aylardır ki, cavab axtarırırıq. Ortada isə mətbuata sızan müəyyən məlumatlardan başqa heç nə yoxdur. Elə gəncəli futbol veteranları ilə azarkeşlər də müəmmalar girdabındadırlar. Yeni sponsor söz-söhbətindən sonra maaşlarının artırılacağını düşünən, sonra rəhbərliyin 12 yox, 10 ay əməkhaqqı ödəmək istəyindən pərişan olaraq klubu boykot edən məşqçilər də həmçinin. Yaxşı, bəs sponsor yoxdursa? Yoxdursa, lap pis. "Kəpəz" 2,5 milyonluq ianənin ümidinə qalıbsa, niyə bu pul ayaqları top tutmadığı ilk iki turda sübuta yetirilən legionerlərə xərclənir? Reallıq budur ki, Şükürovlu "Kəpəz" bu gün 1-ci Liqanın ortababları səviyyədə komandadır və elitanın aşkar autsayderidir.

"Günahkar" Azad Mustafayevdir

Avqustun 8-də rəhbərliyin 14 ildir ki, "Kəpəz"in sözçüsü olan Azad Mustafayevə, akademiyanın direktoru və icraçı direktor işlərini görən Cabir İbrahimova, eləcə də akademiyanın iki xanım menecerinə qapını göstərdiyi məlum oldu. Başqa sözlə, adamları olmayan adamlara ehtiyac qalmadı. Belə çıxır ki, hazırda haqqında danışdığımız camiənin bu vəziyyətə düşməsinin ən böyük səbəbkarı Azad Mustafayev və həmin xanım menecerlər imiş. Onların da gözünə Cabir İbrahimovu qatıblar ki, bir klubda iki İbrahimov işləməsin. Son cümlə bir qədə məntiqsiz oldu elə bil... Eyb etməz, indiki "Kəpəz"də görülən işlərdə zatən, daha tutarlı məntiq axtarmaq absurddur. 

Fanat.Az

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
fanat.az

2Sources