EN

Allahşükür Paşazadə İranın yeni səfirini qəbul edib

Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri  Müctəba Dəmirçilunu qəbul edib.

Herbind.az bu barədə QMİ-nin Mətbuat Xidmətinə istnadən bildirir.
    Səmimi söhbət zamanı Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunuldu. Şeyxülislam A.Paşazadə yeni səfirə qarşıdakı fəaliyyətində uğurlar dilədi. QMİ sədri bildirdi ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və inşallah, ölkələrimiz arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaqdır.  
     İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Şeyxülislam A. Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirdi və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə etdi.
    İranlı səfir Şeyxülislam A. Paşazadəni Azərbaycan və bütün region üçün önəmli şəxsiyyət, Azərbaycanı dünya miqyasında, beynəlxalq müstəvilərdə yüksək səviyyədə təmsil edən nüfuzlu lider kimi dəyərləndirdi və qəbula görə minnətdarlığını bildirdi. QMİ sədrini ad günü münasibətilə təbrik edən cənab M. Dəmirçilu qeyd etdi ki, İran İslam Respublikasında Şeyxülislam A. Paşazadəyə  böyük ehtiram bəslənilir. O, İran İslam Respublikasında keçiriləcək benəlxalq konfransa dəvət məktubunu QMİ sədrinə təqdim etdi, İslam Əməkdaşlıq Təşkilatı xəttilə Həzrəti Peyğəmbərimiz Mühəmməd Salavatullahın mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verdi. Səfir M. Dəmirçilu COP 29 çərçivəsində Bakıda Dini Liderlərin Zirvə görüşünü mühüm tədbir olaraq yüksək dəyərləndirdi həmin və tədbirdə İranı ağayi Şəhriyarinin təmsil etməsini məmnunluqla qeyd etdi. 
    Səmimi şəraitdə keçən qəbul zamanı dünyada və regionumuzda sülh və əməkdaşlıq mühitinin vacibliyi vurğulandı, dostluq, qonşuluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı səylərin zəruriliyi qeyd olundu.



Chosen
20
herbiand.az

1Sources