EN

Paşinyanın Pekin paradına qatılması Avropa Birliyini qəzəbləndirəcək...


Ramil Hüseynov: “Ümumən, Paşinyanın bu addımı Brüsseldə xoş qarşılanmayacaq, amma buna görə...”

Ermənistanın Baş naziri Nikol Paşinyan Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri zamanı təkcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyil, həmçinin sentyabrın 3-də Pekində Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyi şərəfinə keçiriləcək hərbi paradda iştirak edəcək.

Bu barədə Çinin Ermənistandakı səfirliyində keçirilən qəbulda diplomatik missiyanın rəhbəri Li Sinvey bildirib.

Məlumat üçün qeyd edək ki, daha əvvəl 31 avqust-1 sentyabr tarixlərində Çinin Tyanşi şəhərində keçiriləcək ŞƏT sammitində Ermənistanın Baş nazirinin də iştirak edəcəyi bildirilmişdi.

Digər tərəfdən, məlumata görə, Avropa İttifaqı Paşinyanın Pekinə getməsindən narazıdır. Çünki Aİ üzvləri ümumiyyətlə həmin tədbirdə iştirakdan imtina ediblər. Hətta Aİ üzvü Macarıstan tədbirdə iştirak etmək istədi, amma qurum buna etiraz etdi. O baxımdan Paşinyanın Pekində iştirakı Ermənistan-Aİ münasibətlərinə necə təsir edə bilər? Çünki bu, Aİ-nin maraqları çərçivəsində deyil.

“Macarıstanın Rusiya ilə əlaqələrini kəskin tənqid edən Aİ Ermənistanın bu ölkəyə reeksportunu görməzdən gəlir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, ümumən, Paşinyanın bu addımı Brüsseldə xoş qarşılanmayacaq, amma buna görə qurumun Ermənistan üzərinə gedəcəyini düşünmürəm: “Bunun bir neçə səbəbləri var. Birincisi, Aİ Ermənistan məsələsində ikili standartlardan çıxış edir. Məsələn, Macarıstanın Rusiya ilə əlaqələrini kəskin tənqid edən Brüssel Ermənistanın bu ölkəyə reeksportunu görməzdən gəlir. Halbuki, Ermənistan hökuməti Aİ-yə üzv olmağı qarşısına məqsəd qoyub. Ən azından bundan çıxış edərək, Aİ Ermənistana xəbərdarlıq edə bilərdi. İkincisi, Paşinyan əmindir ki, onun bu addımına Avroittifaq sərt münasibət bildirməyəcək. Əks təqdirdə daha aşağı ranqlı məmuru ora göndərərdi. Dördüncüsü, Paşinyanın Pekinə getməyə can atmasının müəyyən səbəbləri var. Məsələ ondadır ki, avqustun 8-də Vaşinqton görüşündə Paşinyan Zəngəzur dəhlizinin (Tramp yolu) açılmasına razılıq verdi. Həmin dəhlizlə əsasən Çin məhsulları Avropaya və əks istiqamətdə daşınacaq. Fikrimcə, Pekinə səfər etməsinin bir səbəbi də bununla əlaqədar ola bilər. Nikol Çin rəsmilərinə izah etməyə çalışacaq ki, Ermənistan da Orta Dəhlizin bir seqmentidir. Çünki Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası nəzərdə tutulub. O baxımdan, güman ki, Paşinyan bunun müqabilində Çində bəzi dividendlər qazanmağa çalışacaq. Yoxsa Paşinyanın İkinci Dünya müharibəsinin bitməsinə hörməti olsaydı, faşistlərin maraqlarından çıxış edənlərin xatirəsini əbədiləşdirməzdi. Səfərin arxasında sadaladığım məqamlar dayanır”.

Vidadi ORDAHALLI

Chosen
15
baki-xeber.com

1Sources