EN

Arıçılıq məhsullarının 25-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 25-ci arıçılıq məhsullarının ənənəvi Respublika Sərgi-Satış Yarmarkası baş tutacaq.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, yarmarka 18 oktyabr – 9 noyabr tarixlərində Nərimanov rayonu, “Gənclik” metrostansiyasının çıxışı, “Atatürk” parkının qarşısında təşkil olunacaq.

Bal yarmarkasında iştirak etmək istəyən arıçılar 5 sentyabr saat 11:00-dan 7 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada müraciət edə biləcəklər. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2025-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.

“Onu da vurğulayaq ki, məhsulların qəbulu 25 sentyabr – 6 oktyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yerində götürüləcək və analiz ediləcək. Nəticələr isə 1 – 11 oktyabr tarixlərində fermerlərə SMS və ya zəng vasitəsilə çatdırılacaq. Onu da bildirək ki, bal yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq. Bir arıçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Bu il arıçıların gətirdikləri məhsullardan diastaza ilə yanaşı saxaroza nümunələri də götürüləcək. Keçid meyarları isə standartlara uyğun olaraq qəbul ediləcək”, - deyə nazirliyin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar yeni qablaşdırma, satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi və digər zəruri xidmətlərlə təmin olunacaqlar. Beləliklə, bal yarmarkası yalnız məhsulların satış və sərgi platforması deyil, həm də istehlakçıların birbaşa arıçılardan yalnız təbii, keyfiyyətli və etibarlı bal məhsulları əldə edə biləcəkləri ənənəvi görüş məkanı olacaq.

Chosen
15
12
hafta.az

10Sources