AZ

Bakıda 25-ci Bal Yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə ənənəvi 25-ci arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Doğru.az xəbər verir ki, yarmarka 18 oktyabr – 9 noyabr tarixlərində Nərimanov rayonu, “Gənclik” metrostansiyasının çıxışı, “Atatürk” parkının qarşısında təşkil olunacaq.

İştirak etmək istəyən arıçılar 5–7 sentyabr tarixlərində bal.kendden.az portalı üzərindən müraciət edə biləcəklər. Yalnız EKTİS-də minimum 40 arı ailəsi ilə təsərrüfatı bəyan edilmiş fermerlər müraciət hüququna sahib olacaqlar.

Məhsulların qəbulu 25 sentyabr – 6 oktyabr aralığında aparılacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən götürülən nümunələr analiz ediləcək və yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.

Bir arıçı maksimum 400 kq bal və 30 ədəd arı şanı satışa çıxara biləcək. Bu il məhsullarda diastaza ilə yanaşı saxaroza nümunələri də yoxlanılacaq.

Yarmarkada iştirak edən arıçılar yeni qablaşdırma, satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi ilə təmin olunacaqlar. Beləliklə, ənənəvi bal yarmarkası istehlakçılara birbaşa arıçılardan təbii və keyfiyyətli bal almaq imkanı yaradacaq.

DOĞRU.AZ

Seçilən
0
12
dogru.az

10Mənbələr