Kürdəmirdə ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil hərəkətdə olarkən “Chevrolet” markalı avtomobillə toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.
Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu