EN

Tramp 2 TV kanalı ilə çox çətin mübarizəyə başladı... “Onlar 2 ən pis kanallardır”...


Avqustun 8-də Ağ Evdə keçirilən sammitdən sonra Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə ABŞ dövlət başçısı Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin rəsmən irəli sürüldüyünü təsdiqləyib.

Onun sözlərinə görə, belə bir hərəkətin izahı çox sadədir və Trampın sülh üçün görüdüyü möcüzəvi işlərdən qaynaqlanır: “O, Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzələr yaradıb. Onun xarakteri, təbiəti belədir. Tramp sülh istəyir. O, Qərb liderinin ənənəvi imicindən çox fərqli insandır. O, çox mehriban, səxavətli, o qədər səxavətlidir ki, hətta planlaşdırdığından da çox hədiyyələr verir”.

Dövlət başçısı xatırladıb ki, müəyyən qüvvələr 2020-ci ildə Amerika seçkilərində saxtakarlıq edib, Trampın yenidən ABŞ prezidenti seçilməsinə mane olub: “Onlar Trampın qələbəsini oğurladılar. Amerika administrasiyaları bütün dünyaya necə yaşamaq, demokratiyanı necə qurmaq və seçkilər keçirmək dərslərini öyrətməyi sevirlər. Lakin onlar özləri prezident Trampa qarşı ən böyük seçki saxtakarlığının müəllifi olub, onu qələbədən məhrum ediblər”. Azərbaycan prezidenti qeyd edib ki, Tramp bataqlıqda yaşayan bütün qurbağaların - USAİD, “Azadlıq”radiosu, bütün saxta xəbər agentliklərinin, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” nəşrlərin ona qarşı işlədiyi bir vaxtda Amerikada hakimiyyətə qayıdıb. Həmin media vasitələri Trampı seçkidən əvvəl pisləməyə can atırdılar. Belə media vasitələrinə indi ABŞ hakimiyyəti qətiyyətlə mübarizə aparır. Bu arada yayılan məlumata əsasən, ABŞ-ın aparıcı və ən qədim televiziya şəbəkələrindən ikisi, “ABC News” və “NBC News” Donald Trampa qarşı mübarizələrini sərtləşdirməli olacaqlar. Ağ Evin rəhbəri onları şəxsən onu tənqid etməkdə və Demokratlar Partiyasına işləməkdə ittiham edərək, lisenziyalarını ləğv etmək niyyətindədir. ABŞ prezidentlərinin mətbuatla həmişə rəvan münasibətləri olmasa da, bu cür birbaşa təhdidlər heç vaxt olmayıb. Tramp öz sosial şəbəkəsi olan “Truth Social” vasitəsilə hər iki kanala hücum edib, burada adətinə görə, böyük hərflərlə böyük söz və ifadələrdən istifadə edib: “ABC və NBC FAKE XƏBƏRLƏRdir, tarixin ən pis və ən qərəzli telekanalalrından ikisidir və mənim haqqımda 97% YALAN XƏBƏRLƏR verir”. Tramp daha sonra qeyd edib ki, onlar “yalnız Demokratlar Partiyasının alətləridir” və bu səbəbdən onların yayım lisenziyası ləğv edilməli və ya lisenziyalı yayım spektri üçün “böyük məbləğ ödəməyə” məcbur edilməlidirlər. Böyük məbləğ, prezidentin fikrincə, ildə milyonlarla dollar olmalıdır.

Televiziya şirkətlərinə efirdən istifadə hüququna görə hesablaşma Trampın deyil, milyarder İlon Maskın ideyasıdır. O, Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri olarkən, media üçün lisenziya haqqının tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib. Bununla belə, hadisələr heç vaxt sözdən kənara çıxmayıb. Məlum olduğu kimi, Mask və Trampın yolları ayrılıb. İndi milyarder indiki prezidentə müxalifətdədir və hətta dövlət başçısının partiya yoldaşları olan Respublikaçılara qarşı çıxmaq üçün öz partiyasını yaratmağa hazırlaşırdı. Amma az sonra Mask fikrini dəyişdi. İndi lisenziyanın ləğvi Trampın saxta xəbərlər yayan mediaya qarşı mübarizəsinin yeni mərhələsidir. Əvvəllər ABŞ-da dövlət başçıları belə bəyanatlar vermirdilər. Məsələ təkcə ondan ibarət deyil ki, prezident bununla Amerika demokratiyasının təməli olan söz azadlığına qəsd etsin. ABŞ-da media lisenziyaları Federal Rabitə Komissiyası tərəfindən verilir. Bu, müstəqil federal agentlikdir, yəni hökumətin bir hissəsi olmayan bir strukturdur. Amma prezidentin Federal Rabitə Komissiyasının heyətinə və qərarlarına müəyyən təsirləri var, bununla belə onun, məsələn, qurumun rəhbərliyini dəyişmək və ya onu media orqanının lisenziyasını ləğv etməyə məcbur etmək hüququ yoxdur. Amerikalı ekspert Pavel Şarikovun fikrincə, prezidentin ABŞ-da müstəqil agentliklər üzərində təsir rıçaqları var, lakin bu halda Trampın öz hədəsini həyata keçirməsi çox çətin olacaq: “Onun uduzacağı iddialar olacaq. Çətin ki, prezident bu iki televiziya şirkətinin siyasi sifarişi yerinə yetirdiyini sübut edə bilsin. Lakin onlar onun siyasi səbəblərə görə onlardan qisas aldığını təsdiqləməyə kifayət qədər qadirdirlər. Tramp onun keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu dəstəklədikdən sonra “NBC News” və “ABC News”u tənqid edib. FTB indiki prezidentin bu qatı rəqibinin evində axtarış aparıb, o da müxalifətdəki Demokratlar Partiyasını deyil, Respublikaçılar Partiyasını təmsil edir. Boltona qarşı heç bir ittiham irəli sürülməyib. “Truth Social”da Trampın statusu çıxmazdan əvvəl “ABC News” prezidentin başqa bir keçmiş müttəfiqi, keçmiş Nyu Cersi qubernatoru Kris Kristi ilə müsahibəni yayımladı. O, Boltonun müdafiəsinə qalxıb və Trampı çox tənqid edib. Prezidentin 100 ilə yaxın tarixə malik iki media şirkətini hədələməsi, yəqin ki, ilk növbədə Kris Kristinin sözlərinə emosional reaksiyadır”. Eyni zamanda, amerikalı şərhçilər qeyd edirlər ki, Tramp ikinci prezidentlik müddətində ona qarşı fəaliyyət göstərən media orqanlarına ardıcıl hücumlar edir. O, andiçmə mərasimindən dərhal sonra media ilə münasibətlərinin xarakterini dəyişib. May ayında prezident ictimai yayımçılar NPR və PBS üçün federal maliyyələşdirməni dayandıran sərəncam imzalayıb.

Samirə SƏFƏROVA

Chosen
15
baki-xeber.com

1Sources