EN

Heydər Əliyev Fondunun uşaqlar üçün əyləncə proqramı

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib.

Kütləvi şənliklərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyac duyan uşaqlar iştirak ediblər. İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlara, ustad dərslərinə qatılıb, rəqslərə qoşulublar.

İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əylənib, müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər. Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də təşkil olunub. Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.

Sonda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Uşaqlar onlar üçün yaradılmış mənalı və yaddaqalan istirahət və əyləncə proqramı üçün Heydər Əliyev Fondunun ünvanına xoş sözlətr söyləyiblər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyac duyan uşaqların, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladlarının diqqətdə saxlanılması, həssas kateqoriyaya aid uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond mütəmadi olaraq bu uşaqlar üçün əyləncəli tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir.

XQ

Chosen
13
13
xalqqazeti.az

10Sources