EN

“Tik-Tok”da tanış olduğu şəxsdən “PlayStation” aldı, “Lalafo.az”da satdı - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Qasım Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.


İttihama görə, Qasım Məlikov bu il “Tik-Tok” sosial şəbəkəsində qarşılaşdığı oyun oynamaq üçün nəzərdə tutulmuş avadanlıqların kirayəyə verilməsi barədə elanda yerləşdirilmiş mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayıb və tanış olduğu zərərçəkmiş S.V.-nin (adı, soyadı şərtidir) işlədiyi Abşeron rayonunda yerləşən mağazaya gəlib. O, avadanlıqları kirayəyə götürüb 1 gün sonra geri qaytaracağına dair vəd verib. Qasım həmin mağazada zərərçəkmiş şəxsə məxsus 1000 manat dəyərində “Sony PlayStation 4” markalı oyun mərkəzini və həmin oyun mərkəzinə aid olan 300 manat dəyərində avadanlıqları götürüb, Bakı şəhərində kirayə yaşadığı mənzilə gətirib. Daha sonra Qasım həmin avadanlıqları “Lalafo.az” saytında verdiyi elan əsasında 300 manata satmaqla dələduzluq edib.


Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib, barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur.

 

Kamal Məmmədov 

Tarix: 27 Avqust 2025, 08:53   
Chosen
14
2
pravda.az

3Sources