EN

Üç qardaş dövlətin müttəfiqlik zirvəsi

Bakı, Aşqabad və Daşkənd çoxistiqamətli iqtisadi əməkdaşlığın yeni strateji prioritetlərini müəyyənləşdirdi

Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana səfəri və  Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi mühüm siyasi və regional əhəmiyyət daşıyır. Üç qardaş türk dövlətinin siyasi liderlərinin yüksəksəviyyəli görüşündə verilən bəyanatlar Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında siyasi-iqtisadi, humanitar müttəfiqliyin gündəliyini formalaşdırır. Səfər çərçivəsində liderlərin iştirakı ilə imzalanan sənədlər isə iki region arasında geosiyasi, iqtisadi və humanitar-elmi-mədəni əməkdaşlığın inkişafında yeni perspektivlərin yollarını əks etdirir. Həmin sənədlər arasında qəbul edilən “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı” isə strateji yol xəritəsi olmaqla, üçtərəfli müttəfiqliyin hüquqi çərçivəsini müəyyənləşdirir.

Enerjinin yeni sxemi - Cənub Qaz Dəhlizində birgə ixrac planları

Üç qardaş dövlətin tərəfdaşlıq gündəliyində əsas prioritetlərdən biri enerji, nəqliyyat və logistika infrastrukturu imkanlarını vahid zəncirdə birləşdirməkdir. Hazırda Azərbaycan və Türkmənistanın sıx tərəfdaşlığı Xəzərdə birgə neft-qaz sahəsində nümunəvi platformaya çevrilməkdədir. İki il əvvəl Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” birgə əməkdaşlıq üçün möhkəm təməl qoyub və bu istiqamətdə fəal işlər aparılır.

Azərbaycan və Türkmənistan bir neçə aydır ki, qazın Qərb ixrac marşrutu ilə nəqlini həyata keçirir. Belə ki, Türkmənistandan Azərbaycan vasitəsilə Türkiyə qaz nəqlinin başlanması sayəsində regionda enerji mübadiləsinin yeni sxeminin  hüquqi-iqtisadi əsası formalaşıb. Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum vasitəsilə qardaş ölkəyə nəql olunur ki, bu da türkmən qazının artıq Cənub Qaz Dəhlizi sisteminə inteqrasiyasına zəmin yaratmaqdadır. Çünki hazırda Türkiyəyə nəql edilən 2 milyard kubmetr qazın həcminin gələcəkdə artırılması nəzərdə tutulur ki, bu da tədarük olunacaq yanacağın Avropa regionlarına nəqli deməkdir. Bakı və Ankara regionda əsas aktor kimi geosiyasi mövqelərindən istifadə edərək Türkmənistan qazını Avropaya çatdırmaqda möhkəm iradəyə malikdir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji problemi ilə üzləşdiyi bir zamanda alternativ yollar axtarışlarından biri kimi Türkmənistan qazının Avropaya çatdırılması ssenarisi əsas yer tutur. Bunu qardaş ölkənin enerji naziri A. Bayraktar da diqqətə çatdırıb. Onun fikrincə, türkmən qazı layihəsi Türkiyənin təchizat zəncirinin təhlükəsizliyini təmin edilməsində dayanıqlı mənbə olmaqla bərabər, Avropanın enerji təchizatının təhlükəsizliyinə də mühüm töhfə verə bilər.

Həmçinin, Azərbaycan və Özbəkistan regionda yeni enerji formatının yaradılması istiqamətində qətiyyətlə çalışır. Gələcəkdə türkmən qazı ilə yanaşı, özbək qazının da Azərbaycan üzərindən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli reallaşa bilər. Xəzər regionu Asiya və Avropanın əsas qaz istehlak bazarlarına daha yaxındır və bu baxımdan Xəzər regiounun qaz tədarükçüləri olan Türkmənistan, Özbəkistan, Azərbaycana ehtiyac daha da artır. Xəzərə zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini də Cənub Qaz Dəhlizinə qoşmağa çalışır. Bu hadisə isə geoiqtisadi əhəmiyyət daşımaqla Azərbaycanın tranzit ölkə kimi həm mövqeyini artıracaq, həm də tranzit gəlirləri əldə etməsinə səbəb olacaq. Bu layihə regiondakı çoxistiqamətli enerji inteqrasiyasına yeni şaxə əlavə etməklə iki Asiya ölkəsinin də Şərq-Qərb enerji bloklarında birləşməsinə yol açmış olur. Türkmənistan-Özbəkistan-Azərbaycan enerji ittifaqının formalaşması isə Türk ailəsinin iqtisadi hədəflərinə çatmaqda əlavə potensialların səfərbər olunması deməkdir.

Mərkəzi Asiya-Xəzər “yaşıl enerji” kabeli

Azərbaycan-Türkmənistan-Özbəkistan arasında enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi ənənəvi yanacaq nəqli ilə yanaşı, “yaşıl enerji” sahəsində də əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Hazırda Azərbaycan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş mövcuddur. Belə ki, Azərbaycan və Özbəkistan Qazaxıstan da daxil olmaqla Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqlində yekun niyyət sazişi imzalayıb. Bu sənəd beynəlxalq əhəmiyyətli hüquqi istinad olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa formatının təsis edilməsini təmin edəcək. Sənəd bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen, enerji infrastrukturu, həmçinin rəhbər komitə və işçi qrupunun yaradılması kimi məsələləri əhatə edir. Mərkəzi Asiyanın digər ölkəsi olan Türkmənistanın da bu alyansa qoşulmaq məsələsi reallaşıb. Türkmənistan həm də Xəzəryanı ölkədir və dənizdə külək və günəş enerjisi resursları kifayət qədər böyükdür. Eyni zamanda, “Mərkəzi Asiya-Xəzər-Qara dənzi-Avropa” “yaşıl enerji” dəhlizinin coğrafi nöqtələrindən biri kimi Türkmənistanın əlverişli tranzit imkanları var. Aşqabad öz bərpaolunan enerji ehtiyatlarını Xəzər dənizi kabelinə qoşmaqla “yaşıl enerji” karidorunda yer almış olur. Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunlarına dair birgə bəyanatda vurğulanan fikirlərdən biri də məhz bu istiqamətdə tərəfdaşlığın formalaşmasını ehtiva edir. Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, tərəflər iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona adaptasiya, ekoloji risklərlə mübarizə, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi sahəsində ümumi layihə və proqramların təşviqi, regional və beynəlxalq platformalar çərçivəsində üç ölkənin ümumi maraqlarına cavab verən birgə təşəbbüslər üzrə əməkdaşlığın daha da gücləndirilməsinə çalışacaq. Bu, ona dəlalət edir ki, iqlim sahəsində əməkdaşlığın bir qolu kimi Türkmənistanın “təmiz enerji” ittifaqında yer alması gerçəkləşir.

Beləliklə, böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara da çıxarmaqda dayanıqlı ixracatçı mövqelərini artırmış olacaq.

Orta Dəhlizdə ortaq qərarlar

Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verən mühüm amillərdən biri də kommunikasiyaların əlaqələndirilməsidir. Nəqliyyat-logistika sahəsində son illərdə artan tələbatlar ölkələr arasında Orta Dəhlizə inteqrasiyanı daha da gücləndirir. Özbəkistan və Türkmənistan bu qovşaqda əsas coğrafi hüdudlardan biri kimi yer alır. Çindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm arteriyaya çevrilən Orta Dəhliz hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Özbək hökuməti özünün dəmir yolu infrastrukturlarının yenilənməsi, yeni tranzitlərin əlaqələndirilməsi istiqamətində səylə çalışmaqdadır. Həmçinin, Avropa ilə Asiya arasında yaradılan yeni rəqəmsal dəhlizin - “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsində də Özbəkistan Azərbaycanın yaxın tərəfdaşıdır.

Artıq bu prosesə Türkmənistan da qoşulur, son aylarda Azərbaycan və Türkmənistan arasında Orta Dəhlizin səmərəliyinin artırılması istiqamətində fəal əməkdaşlıq müşayiət edilir. 2024-cü ildə iki ölkə arasında yük daşınmalarının  həcmi 2 milyon tonu ötüb ki, bu da Orta Dəhlizdə daha sıx mübadilələrin intensivliyini göstərir. Hazırda Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın (2 ədəd RoRo, 5 ədəd tanker və 3 quru yük gəmiləri) gəmi fəaliyyət göstərir. Daşımaları stimullaşdırmaq məqsədilə Türkmənistan bayrağı altında üzən gəmilərə münasibətdə liman yığımlarına Bakı Limanı tərəfindən birtərəfli qaydada güzəşt tətbiq edilib. Eyni zamanda, Bakı gəmiqayırma zavodunda Türkmənistan şirkətinə məxsus “NT Flagman” üçayaqlı üzən qurğunun gövdə bloklarının və ayaqlarının birləşdirilməsi, eləcə də hərəkətverici sistemləri və yükqaldırma kranlarının əsaslı təmir olunması işləri müvəffəqiyyətlə tamamlanaraq sifarişçiyə təhvil verilib.

Bu amillər Aşqabad, Daşkənd və Bakı arasında Orta Dəhliz qurucluğunun inkişaf etdirləcəyini və bu coğrafiyanın etibarlı güclü tranzit logistikalarının mərkəzinə çevrilməsinə səbəb olacağını şərtləndirir. 

ELBRUS CƏFƏRLİ

Chosen
11
1
yeniazerbaycan.com

2Sources