EN

Ekspert: Regionlarda bağça çatışmazlığı daha qabarıq hiss olunur

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirdi ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı mövcud tələbatı tam ödəmədiyindən müəyyən çatışmazlıqlar müşahidə olunur:

“Xüsusilə regionlarda və ucqar kənd yerlərində bu sahədə ehtiyac daha qabarıq şəkildə özünü göstərir. Paytaxtda və digər iri şəhərlərdə dövlət məktəbəqədər təhsil müəssisələri ilə yanaşı özəl bağçaların da fəaliyyət göstərməsi müsbət hal kimi qiymətləndirilə bilər. Lakin tələb yüksək olduğu zaman müxtəlif neqativ hallar və şikayətlər meydana çıxır. Son illərdə bağçaların idarəetməsinin Elm və Təhsil Nazirliyinə verilməsindən sonra məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin elektron formada həyata keçirilməsi əhəmiyyətli yenilik olub. Bu, uzun illər ərzində bağçalara qəbul ilə bağlı müşahidə edilən narazılıqların aradan qaldırılmasına və qəbul prosesinin daha operativ, eyni zamanda obyektiv aparılmasına şərait yaradıb. Düzdür, bəzi hallarda sistemin yüklənməsi müşahidə olunur, lakin ümumilikdə ötən ildən tətbiq edilən elektron qəbul prosesi bu il də davam etdirilir. Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən digər mütərəqqi addımlardan biri də müəyyən keyfiyyət standartlarına cavab verən seçilmiş özəl bağçalarda birgə maliyyələşmə mexanizminin tətbiqidir. Bu mexanizmə əsasən, bağça haqqının müəyyən hissəsi dövlət, digər hissəsi isə valideyn tərəfindən ödənilir. Bu təşəbbüs, bir tərəfdən dövlət bağçalarındakı sıxlığın azalmasına, digər tərəfdən isə maddi imkanları məhdud olan ailələrin övladlarının özəl bağçalarda təhsil almasına şərait yaradır. Bundan başqa, özəl bağçaların inkişafına dövlət tərəfindən müxtəlif dəstək tədbirləri, o cümlədən vergi güzəştləri tətbiq olunur. Məktəbəqədər təhsil müəssisələri cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Təhsilin inkişafına dair strategiyalarda birinci sinfə qəbul olunan şagirdlərin əksəriyyətinin məktəbəqədər təhsil müəssisələrindən keçməsi nəzərdə tutulur. Düzdür, məktəblərdə birinci sinfə qəbuldan əvvəl məktəbəhazırlıq qrupları mövcuddur, lakin onlar bağçaların funksiyasını tam əvəz edə bilmir. Çünki məktəbəhazırlıq yalnız müəyyən saat və günlərdə fəaliyyət göstərdiyi halda, məktəbəqədər təhsil müəssisələri uşaqların günün böyük hissəsini əhatə edir və xüsusilə işləyən valideynlər üçün mühüm imkan yaradır. Burada müxtəlif yaş qruplarına uyğun proqramların tətbiqi uşaqların sosial və təhsil mühitinə adaptasiyasını təmin edir. Buna görə də bağçaların sayının artırılması, mövcud bağçaların təmiri, idarəetmədə sistemli yanaşmanın gücləndirilməsi, bağça müəllimlərinin mərkəzləşdirilmiş işə qəbulu və attestasiyası son illərdə həyata keçirilən müsbət addımlar kimi dəyərləndirilir. Gözlənilir ki, bu istiqamətdə atılan tədbirlər nəticəsində mövcud problemlər hər il daha da azalacaq”.
Chosen
72
sherg.az

1Sources